Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ

19:33 28-09-2023 | icon 455
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ

Hörmətli cənab Prezident!
Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan
dövləti bu gün Sizin müdrik idarəçiliyiniz sayəsində inkişafının ən yüksək
mərhələsindədir. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl
inkişaf Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə
çevirib. Sizin xarizmanız, siyasət elmini dərindən bilməyiniz, xarici ölkələrlə
münasibətlərin qurulmasında və inkişafında sərgilədiyiniz yanaşma, ölkəmizin
beynəlxalq nüfuzunu artırıb, Azərbaycana etibarlı tərəfdaş imici qazandırıb. Siz
nadir liderlərdənsiniz ki, xalqımıza verdiyiniz bütün vədləri vaxtında və dəqiq
yerinə yetirmisiniz. Bu gün Azərbaycan vətəndaşı olaraq fəxrlə deyirik ki, biz
siyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın bərqərar olduğu, bütün sahələrdə
tərəqqinin ən uca zirvəsinə can atan bir ölkədə yaşayırıq.
Müzəffər Ali Baş Komandan!
Son 200 illik tariximizdə qazanılan ən böyük qələbənin də müəllifi Sizsiniz.
Üç il öncə Sizin bilavasitə rəhbərliyinizlə haqq savaşına qalxan Azərbaycanın cəmi
44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə
yeni səhifə açdı. Baş Sərkərdə olaraq işğal altındakı torpaqlarımızın xilaskarı
oldunuz, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdınız. Uzun illər
beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan
Sizin hərbi-siyasi diplomatiyanız Azərbaycan ordusunun gücü qarşısında diz
çökdü. Müharibə başa çatdıqdan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda tikinti-
quruculuq işlərinə başladınız. Qürurla deyirik ki, Azərbaycan yalnız öz iqtisadi qüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyük qayıdış proqramını həyata keçirir. Soydaşlarımızın köç karvanı dədə-baba
yurdlarına - Qarabağa, Zəngəzura doğru hərəkət edir. Bu mənzərəni seyr etmək hər
bir azərbaycanlını qürurlandırır.
Cənab Prezident!
İşğalçı Ermənistanın məğlubiyyətindən keçən 3 il müddətində Azərbaycanın
səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə doğru gəlmədi.
Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif
yollarla çirkin əməllərini davam etdirməyə çalışdı. Qarabağda qeyri-qanuni
cinayətkar rejimin qalıqları da mütəmadi olaraq hərbi təxribatlara əl atır,
Azərbaycanı yeni müharibəyə çəkməyə can atırdılar. Törədilən bütün təxribatlara
Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə tutarlı cavablar verdi. “Qisas” və
“Qətiyyətli cavab” əməliyyatları bunun bariz nümunələridir.
Düşmən təxribatlarına baxmayaraq, ölkəmiz öz hədəfinə doğru addım-addım
irəlilədi. Azərbaycan dövləti bu il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış
məntəqəsini yaratmaqla ərazi bütövlüyünü bərpa etmək əzmini ortaya qoydu.
Düşmənin son dövrlər döyüş mövqelərini möhkəmləndirməsi, quldur
dəstələrini silahlandırması, kəşfiyyat fəaliyyətlərini genişləndirməsi, minalardan
təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən
minalanması kimi əməlləri Azərbaycanı tədbir görməyə məcbur edirdi.
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin
davamı olaraq sentyabrın 19-da xain düşmənin mina terroru nəticəsində mülki
şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu. Açıq görünürdü ki,
Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu sülh və
sabitliyə ciddi təhlükədir. Odur ki, şanlı Azərbaycan ordusu üçtərəfli bəyanatın
müddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması,
erməni silahlılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Yenilməz Ordumuz cəmi bir günə bu missiyanı da uğurla başa çatıraraq
separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü,
qüdrətini, Ali Baş Komandan olaraq Sizin qətiyyətinizi və sərkərdəlik məharətinizi
göstərdi. Xalqımız həmişəki kimi, Sizin ətrafınızda dəmir yumruğa döndü, bütöv
oldu və göstərdi ki, güc birlikdədir.
Möhtərəm cənab Prezident!
Xalqımıza yaşatdığınız növbəti qələbəyə görə, Sizə dərindən təşəkkür edirik.
Düşmənlərimizin bizə qarşı hazırladıqları bütün çirkin planlar, o cümlədən
“Dağlıq Qarabağ Respublikası” xülyası tarixin arxivinə gömüldü. Biz öz
torpaqlarımızın sahibiyik, ölkəmizin bütün ərazisində Dövlət Bayrağımız
qürurla dalğalanır, suverenliyimiz bərpa olunub. İnanırıq ki, Sizin
rəhbərliyinizlə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ
qarşıdadır. Çoxminli həmkarlar ittifaqları üzvləri həmişə olduğu kimi, Sizin
ətrafınızda sıx birləşmişdir. Sizi tam dəstəkləyirik, daim yanınızda
olacağımıza söz veririk!

AHİK-in VI Məclisinin iştirakçıları
Bakı şəhəri,
28 sentyabr 2023-cü il


Digər xəbərlər

0.25656986236572