Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər

18:11 02-10-2023 | icon 872
Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan
Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar”
XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində iştirak ediblər. Onlar
Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan”
(Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu
rejissor: S.Qulamov) tamaşalarından parçalar səsləndiriblər. İfaçıların səhnədə
yüksək peşəkarlıq nümayişini rəğbətlə qarşılayan tədbir təşkilatçıları həm onlara,
həm də Musiqili Teatrın rəhbərliyinə xüsusi təşəkkür bildiriblər.
Xatırladaq ki, Musiqili Teatrın kollektivi sentyabr ayı ərzində bu festivaldan
əlavə, bir sıra müxtəlif beynəlxalq tədbirlərə də qatılıb.
Belarus Respublikasının XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalına
dəvət alan teatrın tanınmış aktyoru, Əməkdar artist Şövqi Hüseynov orada
“Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını
təqdim edib.
Aktyorlar Nicat Əli və Nərmin Əliyeva Qazaxıstanda keçirilən “TeART-
Kokşe – 2023” Beynəlxalq Teatr festivalında Rusiya Dövlət Teatr Sənəti
Akademiyasının (ГИТИС) təcrübəli müəllimlərinin ustad dərslərində iştirak
ediblər.
Eleonora Mustafayeva isə həm Özbəkistanın Müstəqillik Günü münasibətilə
Daşkənddəki təntənəli mərasimdə, həm də TÜRKSOY-un 30 illiyi ilə əlaqədar
Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində ölkəmizi
layiqincə təmsil edib.
Aktyorlar iştirak etdikləri tədbirlərdən xoş təəssüratlarla vətənə qayıdıblar.


Digər xəbərlər

0.25299906730652