Vətən müharibəsinin ilk böyük qələbəsi

16:10 03-10-2023 | icon 644
Vətən müharibəsinin ilk böyük qələbəsi

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

       Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

        Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi”.

       Əlmatdar hadisələrdən biri Cənab Prezidentin Cəbrayla növbəti səfəri oldu. Qarabağda antiterror tədbirlərinin başa çatmasından az sonra həyata keçirilən bu səfər zamanı bir daha gördük ki,  o zamandan keçən müddətdə Cəbrayılda quruculuq bərpa işləri sürətlə həyata keçirilir.

       Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Artıq vaxtilə Qarabağdan didərgin düşmüş, Böyük Qayıdışı  səbirsizlikə gözləmiş insanlarımız öz doğma yurdlarına yaşamaq üçün dönürlər. Bu gün biz Cəbrayılın azad olunmasının 3 illiyini və Prezidentimizin təsis etdiyi Şəhər gününü qeyd edirik. Mən bu münasibətlə camaatımızı təbrik edirəm, hamıya xoş günlər, daha xoş xəbərlər diləyirəm. Qələbələrimiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.

                                                                                                    

 Yusif Əsgərzadə,

Cəlilabad şəhər sakini,  Vətən müharibəsi iştirakçısı


Digər xəbərlər

0.23890805244446