Səttar Möhbalıyev: “Avropa Parlamentinin məlum qətnaməsi riyakarlığın davamıdır”

14:00 06-10-2023 | icon 370
Səttar Möhbalıyev: “Avropa Parlamentinin məlum qətnaməsi riyakarlığın davamıdır”

“Avropa Parlamentinin yüngül, bir o qədər də dayaz və özünü biabır edən
qərarları bizə çoxdan məlumdur. Biz o cümlədən beynəlxalq hüququn hansı
gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini çox yaxşı bilirik. Bu
gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən əndişə keçirən, yeri
gəldi-gəlmədi yersiz bəyanatlar səsləndirən, hətta buna görə yuxusu ərşə çəkilən
dövlətləri 30 il münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb etmişdik. Amma
nəticədə nə gördük?! Əllərindən bir iş gəlmədi, yalnız mənasız danışıqlar
apardılar, bir milyondan artıq məcburi köçkünün hüquqlarını düşünmədilər.
Baxmayaraq ki, hər şey göz qabağında idi. İndi durub bunların insan hüquqları
ilə bağlı hansı fikrinə inanasan?!. Niyə bəs o zaman beynəlxalq hüquqa istinad
etmirdiniz!? Məgər BMT-nin məlum qətnamələrini özünüz qəbul
etməmişdiniz!? Vaxtı 30 il uzatmaqla fikriniz nə idi? Elə bilirdiniz ki,
Azərbaycan torpaqlarını Ermənistana ərməğan edəcəksiniz!? İşğalçı,
azərbaycanlılara qarşı soyqırımları törətmiş Ermənistanın havadarları, Siz
məğlub oldunuz. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu sizin dəstəklədiyiniz təcavüzkar dövlətin bütün işğal
planlarını puça döndərdi, bölgəni bataqlıqdan xilas etdi, yeni vəziyyət
formalaşdırdı. İstəsəniz də, istəməsəniz də bu reallıqları qəbul etməyə
məcbursunuz, çünki bu reallıq dəyişməzdir, beynəlxalq hüquqa əsaslanır, sülh
və təhlükəsizliyə, tərəqqiyə, yeni inkişafa istiqamətlənib”.
Bu fikirləri Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət
bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə qəbul edilən qətnamə göstərir ki,
orada oturanların, sənədin lehinə səs verənlərin nəinki bölgədəki proseslərdən,
heç dünyadan xəbərləri yoxdur: “Nə qədər gülünc olsa da, təşkilatın qətnaməsində iddia olunub ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub.

Yaxşı, iddianızda haqlısınızsa, çox yox, bununla bağlı bir faktı ortaya qoyun ki,
Azərbaycan beynəlxalq hüququ pozub. Nə qədər utanmaz və qeyri-abırlı olasan
ki, beynəlxalq hüquqdan danışasan. Onu bütün məsələlərdə ayaqlar altına atan
siz deyilsiniz!? Dünyanın müxtəlif yerlərində qərəzli mövqeyinizi yeritmək
üçün artıq beynəlxalq hüquqa geyindirmədiyiniz don qalmayıb. Həmçinin
“etnik təmizləmə”dən danışırlar. Guya Azərbaycan Qarabağda “etnik
təmizləmə” aparıb. Hamının gözü qarşısında baş verdi ki, insanlar ərazidən
könüllü şəkildə gediblər. Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyim kimi, 30 il
əvvəl Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləməni
görməmişdiniz!? Daha əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və
indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan ata-baba
yurdlarından didərgin salınıb, əmlakları mənimsənilib. İndi biz sizin gözünüzə
hansı ölçüdə eynək taxaq ki, bu həqiqətləri görə biləsiniz!?”
“Təbii ki, Avropa Parlamentinin bu utanmaz, mənasız, rüşvət qoxuyan
qətnaməsinin Azərbaycan dövlətinə gücü çatmaz, onu haqq yolundan döndərə
bilməz. Bizim yolumuz əsl beynəlxalq hüquqa əsaslanır. Avropa Parlamentinin
üzvlərinə tövsiyə edərdim ki, erməni lobbisinin çaldığı havalara oynayaraq
özlərini gözdən salmasınlar”, - Milli Məclisin deputatı bildirib.


Digər xəbərlər

0.25390696525574