Ərazi bütövlüyü və suverenliyimiz əsas amildir

15:30 10-10-2023 | icon 695
Ərazi bütövlüyü və suverenliyimiz əsas amildir

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birinin yanında olub. Yəni ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.  Prezidentin bəyanatında göstərilir ki, Azərbaycanın sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

     Dövlət başçımız vurğulayıb ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Buradaca vurğulayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.İndi ən əsas məsələ bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Çünki Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.

       Hazırda Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s.

      Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

        Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər.

                                                                                                               Səyyad Bağırov,

Vətən müharibəsi qəhrəmanı,

Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 saylı tam orta məktəbin direktoru

 


Digər xəbərlər

0.36421489715576