Azərbaycan-Gürcüstan əlaqələri yeni balanslaşdırılmış müstəvidə

15:34 10-10-2023 | icon 422
Azərbaycan-Gürcüstan əlaqələri yeni balanslaşdırılmış müstəvidə

       Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu cəhətdən Gürcüstanla münasibətlərimiz çox maraqlı, hərtərəfli və önəmlidir.

        Prezident İlham Əliyev oktyabrın 8-də Tbilisidə mətbuata bəyanatında Azərbaycanın çoxşaxəli siyasət yürütdüyünü qeyd edərək deyib ki, ölkəmizin bu siyasətlə bağlı kursu dəyişməzdir. Bu da nəticəsiz qalmayıb, hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi.

      Biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında humanitar münasibətlər qurmaq istəyirik və buna hazırıq. Dostluğumuz və qardaşlığımız əbədidir, milli zəmində heç bir ayrı-seçkilik yoxdur. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib.    

Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur.

        Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

      İki ölkə arasında təhsil sahəsində də mühüm irəliləyişlər mövcuddur. Bu istiqamətdə imzalanan sazişlər ölkələrdəki intellektual səviyyənin tərəqqisinə də mühüm töhfə vermişdir.

         Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.

      Elçin Hüseynov,

YAP Cəlilabad ərazi təşkilatının sədri


Digər xəbərlər

0.2469048500061