Strateji əməkdaşlığın Azərbaycan-Türkiyə nümunəsi

15:24 11-10-2023 | icon 663
Strateji əməkdaşlığın Azərbaycan-Türkiyə nümunəsi

Hələ 30 may 1996-cıl ildə “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının
perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında nitqində Ulu
Öndərimiz demişdi: “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük
tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü
xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub
olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli
duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə
xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq
əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni
işlədirik. “Biz bir millət, iki dövlətik”. Bu tezis özünü inkişafımızın gedişində
doğrultdu.
Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir
millət, iki dövlət” tezisinə əsaslanır. Ulu öndərimiz tərəfindən müxtəlif zamanlarda
səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş
etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və
geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və
təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da
gücləndirilməsinə yönəlmişdir.
Türkiyə bizi Azərbaycanın haqlı davasında da həmişə olduğu kimi yalnız
qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu,
bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan
etdi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar
verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün
dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane
olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün
Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər
dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və
birmənalı olaraq Azərbaycana dəstək verdilər.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab
Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb
Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.
Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə
qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün
sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi
və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu
gün dünya miqyasında güc mərkəzi kimi, bölgəmizdə çox müsbət rol oynayır və
bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. Hər iki dövlət
arasında əlaqələrin gündən-günə yaxınlaşması bir xalq kimi bizi daha da gücləndirir, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənir, beynəlxalq siyasi- iqtisadi əlaqələrimiz daha da genişlənir.
Cəlil Abdullayev,
Cəlilabad şəhər 8 saylı məktəb- liseyinin direktoru


Digər xəbərlər

0.25644207000732