Çətin geosiyasi mühitdə müstəqil xarici siyasət

15:27 11-10-2023 | icon 536
Çətin geosiyasi mühitdə müstəqil xarici siyasət

Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun
balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi
vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı
gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda
möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı
münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Ulu Öndər Heydər
Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri
və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın
gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm
qoymasına münbit şərait yaratmışdır.
Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi
Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi
kimi ən perspektivli tərəfdaş hesab edilir. Bunu Qərbin qüdrətli dövlətlərində yaxşı
başa düşürlər. Bu cəhətdən həmin ölkələrlə münasibətlərin qurulmasında və
daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir.
Müstəqil Azərbaycanla bu ölkələr arasında diplomatik münasibətlər 1992-ci ildən
yaradılmağa başlanmışdı. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək,
bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar
qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük
diplomatik fəallıq göstərmək tələb olunurdu. Çünki dünyəvi dövlət qurmaq istəyən
və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya
siyasətində həlledici rolu olan fövqəldövlətlər mühüm rol oynaya bilərdi. Buna nail
olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy
göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət,
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm
və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi
oldu.
Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə,
geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq nüfuzlu dövlətlərin
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla
həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi. Dünya prizmasından sərf-
nəzər edilməklə, bu, Azərbaycan diplomatiyasının böyük qələbəsi idi.
Hazırda Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun
davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti
sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda,
beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün Azərbaycan dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük
potensialından istifadə edərək, Avropa ilə Asiya arasında körpü rolunu səmərəli
surətdə həyata keçirir. Azərbaycan regionun nadir ölkələrindən biridir ki, çətin
geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür.


İlqar Həsənov ,

Göytəpə bələdiyyəsinin sədri


Digər xəbərlər

0.27419710159302