Səttar Möhbalıyev: “Ermənistan və havadarlarının yalan dolu təbliğatı iflasa uğrayacaq”

17:56 12-10-2023 | icon 634
Səttar Möhbalıyev: “Ermənistan və havadarlarının yalan dolu təbliğatı iflasa uğrayacaq”

“Uzun illər davam etmiş işğal dövründə Ermənistan özünün təcavüzkar
siyasətini ört-basdır etmək üçün bütün vasitələrdən, o cümlədən beynəlxalq
ictimaiyyəti çaşdırmaq naminə həqiqətə uyğun olmayan informasiyalardan istifadə
edirdi. Özlərini elə aciz, yazıq duruma salırdılar ki, guya bir milyondan artıq
azərbaycanlının məcburi köçkün həyatı yaşamasının səbəbkarı bunlar deyil,
soyqırımıları, qətliamları, dövlət səviyyəsində dəstəklənən terror aktlarını onlar
törətməyib. Amma Azərbaycan dövlətinin apardığı sərrast, səbirli və qətiyyətli
siyasət nəticəsində işğalçı ölkənin bütün bu səyləri boşa çıxdı. Azərbaycan
torpaqlarını işğalçılardan təmizləməklə, ərazi bütövlüyünü və ölkə ərazisində
suverenliyini tam təmin etməklə ədalət bərpa olundu. Amma görürük ki,
Ermənistan tərəfi, o cümlədə xarici ölkələrdə yaşayan ermənilər yenə də öz
ampluasındadır, Azərbaycanın haqq işinə ləkə atmağa çalışırlar. Necə 44 günlük
Vətən müharibəsi dövründə bütün cəbhələrdə olduğu kimi, informasiya sahəsində
də məğlub olan düşmən, şübhəsiz, bu dəfə də mütləq uduzacaq. Dövlətimizin
başçısı müharibə zamanı dünyanın onlarla nüfuzlu media orqanına verdiyi
müsahibələrlə, etdiyi çıxışlarla əsl həqiqəti dünya ictimaiyyətinin diqqətinə
çatdırdı, düşmənin simasını özünün dəmir məntiqi, tutarlı arqumentləri ilə açıb
göstərdi. Bu gün də Prezident İlham Əliyev diplomatik səriştəsi, layiqli cavabları
və dərin biliyi ilə düşmənin çirkin təbliğatını, yalan xarakterli iddialarını iflasa
uğradır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv
dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü
iclasının iştirakçılarını qəbul edərkən keçmiş Qarabağ münaqişəsinin tarixini, bu
torpaqların əsl sakinlərinin kim olduğunu, Ermənistanın işğal siyasətinin
mahiyyətini və onun acı nəticələrini, həmçinin yeni reallıqları qonaqların diqqətinə
çatdırdı: “Dövlətimizin başçısı sübut etdi ki, Azərbaycan bölgəni Ermənistanın
düçar etdiyi bataqlıqdan xilas edib, bu missiya bütövlükdə regionun inkişafına,
sülh və təhlükəsizliyə geniş yol açıb. Cənab İlham Əliyev həmçinin ATƏT-in
himayəsi altında aparılan uzunmüddətli danışıqların uğursuzluğunu, BMT-nin öz
qətnamələrini icra edə bilməməsini qeyd edərək beynəlxalq təşkilatların
fəaliyyətində olan boşluqları göstərdi. Yeri gəlmişkən, qeyd edim ki, bu gün qərəzli
mövqe tutan, real vəziyyəti düzgün qiymətləndirməyən, ermənilərin yalan dolu
hay-küyünə uyan dövlətlər danışıqlar prosesinə cəlb olunmuşdu. Lakin nəticədə
gördük ki, əllərindən bir iş gəlmir, mənasız bəyanatlar verməklə məşğuldurlar.
Məsələyə ikili standartlarla yanaşdılar, işğalçını öz adı ilə çağırmadılar. Bugünkü
reallığı isə heç cür həzm edə bilmirlər. İndi sual çıxır ortaya: əgər neytral idinizsə,
mövqeyiniz ədalətli idisə, niyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən
bu qədər narahatsınız?”
“Ermənistan beynəlxalq hüququn prinsiplərini kobudcasına ayaqlayaraq
BMT-nin məlum qətnamələrinə hansı prizmadan yanaşmışdırsa, ağır məğlubiyyətə
uğrayaraq imzaladığı kapitulyasiya aktı ilə üzərinə düşən öhdəliklərdən də o cür
yayınmağa çalışırdı. Azərbaycanın bütün çağırışlarına baxmayaraq,
təxribatlarından əl çəkmir, məhv edilmiş ordusunun tör-töküntülərini Rusiya
sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindən
çıxartmırdı, separatçıları silahlandırmaqda davam edirdi. Odur ki, antiterror
tədbirlərinin görülməsi labüd oldu. İndi də qalxıb günahı utanmazcasına bizdə
axtarmağa çalışırlar. Bu məsələdə Fransa öz boyundan daha hündürə tullanmağa çalışır. Müstəmləkəçi dövlət Afrikada qana batmış əlini hələ yuyub qurtarmamış humanizmdən danışır, ölkəmizin ünvanına könül bulandıran fikirlər səsləndirir. Elə hesab edir ki, beynəlxalq proseslərə təsir imkanı var, böyük dövlətdir, Cənubi
Qafqaza da əli çatar. Rəsmi Parisin bu davranışları onun dünya siyasətində qərəzli
mahiyyətini, yersiz hərəkətlərini göstərir. Sübut etdi ki, Fransanın hərəkətləri
bölgədə yarana biləcək sabitliyi təhdiddir, sülh proseslərinə mane olur”, - Milli
Məclisin deputatı bildirib.
AHİK sədri əlavə edib ki, həm Ermənistan, həm də onun havadarları bilsinlər
ki, Azərbaycan güclü dövlətdir, ona təsir etmək, haradasa təzyiqlər göstərmək
mümkün deyil: ”Eləcə də anlasınlar ki, Azərbaycanın istəyi münasibətlərin
normallaşması və sülhə nail olmaqdır. Odur ki, qarşı tərəf də real addımlar
atmalıdır və dərk etməlidir ki, başqa alternativləri qalmayıb. Çünki Azərbaycanın
ən böyük güzəşti bundan sonrakı məsələləri yalnız danışıqlar yolu ilə həll etmək
olar”.


Digər xəbərlər

0.21736001968384