Yeni reallıqlar, qəti mesajlar

15:49 13-10-2023 | icon 426
Yeni reallıqlar, qəti mesajlar

Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışı böyük maraq doğurub. Prezident bir daha nəzərə çatdırıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

       Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib.

     Təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

        Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Lakin təhlükəli tendensiyalar da yox deyildir. Təhdidlər artır yeni qeyri-sabitlik ocaqları yaranır. Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.

. Prezident vurğulayıb ki, təhdidlərə qəti cavab verməkdən ötrü daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir.

 

Rauf Nəzərov,

Cəlilabad RİH-nin əməkdaşı


Digər xəbərlər

0.25014591217041