Sülhə doğru atılan addımlar

16:06 13-10-2023 | icon 610
Sülhə doğru atılan addımlar

Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. bütün dünya şahiddir ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı.

        Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışı Azərbaycan həqiqətlərinin bir daha beynəlxalq ictimaiyyətəçatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından mühüm önəmə malikdir. Prezident bir daha bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli vədayanıqlı olacaq.

      Bir sözlə, Azərbaycan Prezidentinin bu görüşdəki çıxışı zamanı kifayət qədər vacib məsələlərə toxunulub, Azərbaycanın mövqeyi ölkə başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib.

      Bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Dünya miqyasında bir çox faciəli hadisələr, qarşılıqlı təhdidlər baş versə də ölkəmizin daxilində heç bir təhdid yoxdur, əksinə, davamlı sabitlik var, bu isə təhlükəsizliyin tərkib hissəsidir. Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır.

       Başlıca cəhət budur ki, sülh bizim üçün zəruridir. Paralel olaraq sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur. Sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Bununla da dövlətimizin başçısı Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib. Dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir.

Hilal Muradov,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı

 

 


Digər xəbərlər

0.24680590629578