Füzuli indi tamamilə yenidən qurulur

13:06 19-10-2023 | icon 654
Füzuli indi tamamilə yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 17 oktyabr tarixində “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək onlara Füzulidə - doğma Vətəndə rahat, firavanlıq, rifah içində yaşamaqlarını arzu etdi. Sonra Prezident İlham Əliyevin iştirakı ilə bir neçə önəmli obyektin, iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu.

Vətən müharibəsinə qədər Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayon idi. Vətən müharibəsindən sonra isə dövlətimizin başçısı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Füzuli ən sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Vətən müharibəsinin əvvəlindən rayonun bir sıra kəndləri, oktyabrın 17-də isə Füzuli şəhəri işğaldan azad edilib. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də quruculuq-bərpa işləri müharibə başa çatandan dərhal sonra başladı. Qürurverici haldır ki, müharibədən cəmi 9 ay sonra Füzulidə inşa edilən beynəlxalq hava limanı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2021-ci il sentyabrın 5-də Bakıdan havaya qalxan “Airbus A340-500” tipli “Qarabağ” sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və möhtəşəm hava limanında eniş etdi.

7 noyabr 2021-ci il tarixində Füzulidə daha bir əlamətdar hadisə yaşandı. Həmin tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolu istifadəyə verildi. Zəfər yolunun keçdiyi ərazi əvvəllər cığır idi. Qəhrəman əsgərlərimiz məhz bu çığırdan keçərək Şuşanı işğaldan azad ediblər. Dövlətimizin başçısı tərəfindən yolun rəmzi olaraq Zəfər yolu adlandırılması da bununla bağlıdır.   

Füzuli şəhərində infrastruktur layihələrinin icrası da uğurla həyata keçirilir. Füzulidə inşası tamamlanan 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Bundan sonra Füzuli rayonunun ərazisində quruculuq işlərinin yeni mərhələsi başlayır. Bu mərhələdə yaşayış məntəqələrinin bərpa olunması da diqqət mərkəzində saxlanılacaqdır. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il mart ayının  18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə  yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar tətbiq edir. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uğun olaraq bütün yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptlərindən istifadə olunur. Füzuli rayonunun yaşayış məntəqələri də müasir tələblər səviyyəsində bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yanaşmaların tətbiqi Azərbaycanın müasirləşmə siyasətini bir daha təzahür etdirir. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib. Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb. Füzuli rayonunda 2026-cı ilədək, ümumilikdə, 5678 evin – 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali qrupu (2904 nəfər) köçürüləcək. Bütövlükdə, tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Füzuli şəhərinə 800-dən çox insan artıq yerləşib və  ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Nəhayət bütün bu infrastruktur layihələrdən başqa, doğma sakinlərinin Füzuliyə qayıtması və məskunlaşması üçün yaşayış komplekslərinin, xəstəxana, peşə liseyi kimi sosial obyektlərin inşası Füzuliyə həyatın yenidən qayıtdığının müjdəsini verir. Füzuli bu gün canlanır, dirçəlir və şəhərə həyat qayıdır. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarında yaşamağa başlayıblar. Burada onlar üçün yaradılan rahat və firvan həyat əzəli sakinləri yeni işıqlı həyata qovuşdurub. Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidiyik.

Məhəmməd Mehdiyev,

Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı


Digər xəbərlər

0.22786021232605