Zəngilanın gələcəyinə hesablanmış loqistik layihələr

14:44 20-10-2023 | icon 537
Zəngilanın gələcəyinə hesablanmış loqistik layihələr

       Üç il əvvəl oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu bildirdi. Hər birimiz hədsiz dərəcədə sevindik və bu sevinci heç bir sözlə ifadə etmək olmur. Və bu gün Prezident İlham Əliyevi Sərəncamı ilə burada “Şəhər günü”nün keçirilməsi təkcə zəngilanlıların deyil, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən əlamətdar hadisədir.

          Bu gün Zəngilanda irimiqyaslı quruculuq işlər görülür, böyük infrastruktur layihələri icra edilir. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. İndi erməni vandalizmin fəsadlarına tuş gəlmiş, dağıdılmış tarixi-dini, dini-memarlıq abidələri,  ziyarətgahlar bərpa olunur. Həyata keçirilən önəmli layihələrindən biri olan Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq.

         Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi Azərbaycan üçün Şərqə yeni qapı açacaq. Həmçinin hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin inşası da əhəmiyyətli hadisədir. Bu dəmir yolunu istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji önəmi var. Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarda inşa olunan bütün yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.

        Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Azərbaycan vətəndaşları öz torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində qurub-yaradacaqlar.    

         Bəli, Zəngilanın azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən hərbi qulluqçularımız medallarla təltif edilib. Onlar ərazilərimizin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

 

 Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.25248694419861