Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib

15:38 20-10-2023 | icon 811
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasından üç il ötür. Vətən
müharibəsinin 24-cü günündə Zəngilan da azadlığına qovuşan şəhərlər sırasına
daxil oldu. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin işğaldan
azad olunduğunu elan etdi. Zəngilan rayonu uğrunda döyüşlər nəticəsində
ordumuz ümumilikdə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsini və 49 kəndini
işğaldan azad etdi.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi
səfərlər edən Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda
Azərbaycanın üçrəngli bayrağını qaldırdı.
Digər şəhər və kəndlərimizin işğaldan azad olunması kimi, Zəngilanın da
qurtuluşu asan olmadı. Müzəffər sərkərdənin rəhbərliyi altında qüdrətli
ordumuz oktyabrın 18-də Zəngilan rayonu uğrunda hərbi əməliyyatlara başladı.
Rayon uğrunda gedən döyüşlərdə igid, qəhrəman oğullarımızın şücaəti
nəticəsində düşmən bu torpaqlardan da qovuldu. Və Zəngilan azadlığına
qovuşdu. 
Prezident İlham Əliyevin sərəncamına əsasən, 2020-ci il noyabrın 26-da
"Zəngilanın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 6974 hərbi
qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olundu. 
2020-ci il oktyabrın 20-si Azərbaycan tarixinin ən şanlı səhifələrindən
biridir. Zəngilanın işğaldan azad edilməsi həm hərbi, həm siyasi, həm də
iqtisadi mənada olduqca mühüm hadisə idi. Eyni zamanda, bu, Azərbaycan
cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Nəzərə almaq lazımdır ki,
Zəngilanın azad olunması ilə dövlət sərhədlərimizdə nəzarətimiz bərpa olundu.
Böyük qayıdış planının reallaşdırılmasının Zəngilandan başladılması da bu
bölgənin əhəmiyyətini bir daha göstərir. Bir müddət sonra Zəngilanın Ağalı
kəndində  "ağıllı kənd" konsepsiyası üzrə yaşayış məskəninin salınmasına start
verildi. Qısa zaman kəsiyində işlər yekunlaşdı və soydaşlarımızın 29  illik
həsrətindən sonra doğma yurd-yuvalarına qayıdışına şahidlik etdik. Bu,
həqiqətən də tariximizin ən qürurverici anlarından biri idi. 
Zəngilanın simasında Azərbaycan dövləti öz iradəsini nümayiş etdirib.
Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlarımızın
dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevrilməsi prosesi məhz
Zəngilandan başlayıb. Ölkə rəhbərinin yenə dəqiq hesablanmış, uzaqgörən
addımları işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işlərinin həyata keçirilməsinə imkan verdi. Bu mənada Zəngilanda görülən işlər xüsusilə diqqətəlayiqdir. Bu gün Zəngilanın simasında Qarabağ və Şərqi
Zəngəzurda görülən işlər haqqında artıq dünya ictimaiyyətinin təsəvvürləri
formalaşmaqdadır. Zəngilanın işğaldan azad olunması Azərbaycanın hərbi gücünün göstəricisi
olmaqla yanaşı, ölkəmizin işğaldan azad olunmuş regionlarla bağlı
strategiyasının icrasının da başlanğıcı olub.
Vətən müharibəsində Azərbaycan Ordusunun ən sürətlə, qısa zamanda azad
etdiyi rayon məhz Zəngilan olub. Zəngilanın azad edilməsi ilə Azərbaycan
İranla dövlət sərhədini tam bərpa etdi. Bununla da o istiqamətdən ola biləcək
hər hansı təhdidlərin və ya müdaxilənin qarşısını almağa nail oldu.
Bu gün tarixi gündür. Zəngilanın azadlığına qovuşduğu, xalqımıza ərməğan
olunduğu tarix. Artıq zəngilanlılar şəhər gününü yurdlarında qeyd edirlər.
Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, 20 oktyabr
Zəngilan Şəhəri Günüdür.
Artıq bu günü də fəxrlə, qürurla, başımız dik qeyd edirik. Zəngilan isə sürətlə
bərpa olunmaqda, qurulmaqda davam edir. 

Mehbalıyeva Rəfiqə
Saatlı rayonu Nərimanov kənd tam orta məktəbin Azərbaycan dili və
Ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.24734902381897