"Leyli və Məcnun" yeni repertuarda

12:49 28-10-2023 | icon 892

24 oktyabr tarixində Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasının premyerası baş tutdu. Səhnə əsərində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda ərsəyə gəlib.Dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadı.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış etdilər

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadı.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak etdilər

"Leyli və Məcnun" tamaşasına Mədəniyyət Nazirliyinin rəhbər işçiləri də qonaq buyurmuşdu.

Qeyd edək ki, səhnə əsərinin növbəti nümayişi 18 noyabr saat 19.00-da olacaq.

Tamaşayla bağlı adı çəkilən teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmovanın fikirlərini bölüşdü:

"Bu gün çoxdan gözlənilən "Leyli və Məcnun" tamaşasının premyerası gerçəkləşdi. Premyeralar teatr üçün əlamətdar hadisədir. Bizim üçün də bayram ab-havalı bu özəl gündə kollektivimizi təbrik edirəm. Hər kəsə uğurlar! Şərqin ilk operası "Leyli və Məcnun" 115 il öncə də bu məkanda - Tağıyev teatrında oynanılıb. Bu gün burada bizim teatr yerləşir - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı...
Bir əsrdən çoxdur ki, bu tamaşa müxtəlif rejissorların yozumunda ölkəmizin, eləcə də dünyanın bir çox teatr səhnələrində oynanılır. Bu gün izlədiyimiz eyniadlı tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamovdu. Fərqli rejissor yozumda təqdim olunan "Leyli və Məcnun" təkcə teartımızda deyil, ölkəmizdə bir ilkdi".

Səhnə əsərini quruluşçu rejissoru Samir Qulamovdan da tamaşayla bağlı müxtəsər söhbətimiz alındı.

- Samir müəllim, "Leyli və Məcnun"u Musiqili teatrda ərsəyə gətirdiz. Fikirləriniz maraqlıdı...

- Böyük Füzulinin bu əsərinə müraciət etdikdə, dahi mütəfəkkirin həm öz dövründə nələri demək, gələcək üçün hansı mesajları vermək istəməsini anlamağa çalışdım. Ölməz şairimiz sadə bir qız ilə bir oğlanın sevgi fəryadını yox, həmin qovuşa bilməyənlərin timsalında daha böyük faciələri göstərmək istəyirdi. Füzuli o dövrdəki cəhaləti, ərəb dünyasınsa qadının heç bir nüfuzunun olmamasını, təhsilsizliyi, erkən nikahı və digər bu kimi problemləri göstərmək istəyirdi.

- Nizami Gəncəvinin "Leyli və Məcnun"dan fərqli olaraq Füzulinin əsərində həsrətli aşiqlər bir-birinə qovuşur. Amma siz bu gün sevənləri qovuşdurmadan öldürdüz. Fərqliliyin səbəbi nədi?

- Mən də onları qovuşdurdum. Amma öləndən sonra ruhən qovuşdular. Tamaşada diqqət etdinizsə, Məcnun sevdiyinin məzarı başında canını tapşırmaqla ona qovuşur. Məcnun həyatda ikən məğlub, ölərkən isə qalib oldu. Səhnə əsərimdə 2 bədbəxt insan var. Leylinin əri İbn Səlam və Füzuli. İbn Səlam o qədər pul-para sahibiydi, Qəbilə başçısıydı, sərkərdəydi, şan-şöhrətiylə məşhur olmasına rəğmən Leylinin könlünə yol tapa bilmir. Baxmayaraq qız onun arvadı idi. Eyniylə şairimiz də gəncliyində sevdiyinə qovuşa bilməyib.

- Belə çıxır ki, siz də Qabriyel Qarsiya Markesin "dünyanın altını-üstünə gətirən xoşbəxt yox, bədbəxt eşqlərdi" fikrini təsdiq edirsiz?

- Sözsüz.

- Klassiklərimizi yaşatmaq üçün yenə bu kimi tamaşaları səhnəyə qoyacaqsızmı?

- 2006-cı ildən quruluşcu rejisor kimi tamaşalar hazırlayıram. Hər zaman ciddi əsərlərə yer vermişəm. Məqsədim klassikanı, nostaljini gənclərə, tamaşaçıları modern şəklində çatdırmaq istəmişəm. Özünə "müasir" deyən, əllaməçilik edən, absurd qururb müəllif tamaşası kimi təqdim olunan "tərəqqiçi"lərdən uzağam. Bir çox insanlar və özünü "rejissor" kimi təqdim edənlər modernizmi düzgün anlamır və tamaşaçıya da səhv çatdırırlar. Müasirlik aktyorun səhnə kəllə-mayallaq aşması, fərqli cür geyinmək deyil. Modernizm yanaşmada özünü göstərməlidi. Şəxsən mənim yadıma gəlmir ki, Azərbaycan tamaşalarında əvvəldən, sonacan səhnə əsəri qırmızı fonda getsin. Ən çətin fon qırmızı fonda işləməkdi. Bu səhnə əsərim üçün 7 ay gərgin məşqlər keçdik. Mən bir qırmızı çadırın içində tək 2 gəncin yox, o dövrün sivilizasiyasının faciəsini göstərməyə çalışdım. Çadırlarda məhv olan ülvi hislərin, azad sevginin, haqq-ədalətin necə dəfn olunduğunu seyrcilərə izah etmək istədim. Məsələn, səhnədə 20 qızların qəmli oxuması, əslində leylilər, Füzulin açdığı qəbirlər isə məcnunlar idi.

- Bu səhnə əsərinizlə ölkə xaricində qastrol səfərləri planlaşdırırsızmı?

- Bəli. Bu gün tamaşaya Mədəniyyət Nazirliyinin nümayəndələri də gəlmişdi. Onlara da təşəkkür edirəm. Adı çəkilən nazirliyin əməkdaşlarının gəlməsiylə həm də göstərmək istədik ki, "Leyli və Məcnun" tamaşasıyla ölkə xaricinə çıxmağa hazırıq. Öncəliklə türk dilli dövlətlərin teatrlarında səhnə əsərimi nümayiş etdirmək istəyirəm.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.28682804107666