Səttar Möhbalıyev: “Azərbaycan “yaşıl enerji” siyasətini uğurla həyata keçirir”

12:06 27-10-2023 | icon 822
Səttar Möhbalıyev: “Azərbaycan “yaşıl enerji” siyasətini uğurla həyata keçirir”

“Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlətimizin başçısı cənab
İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti,
əminliklə deyə bilərik ki, dünyanın enerji təhlükəsizliyinin mühüm tərəfinə
çevrilib. Bilavasitə Prezident İlham Əliyevin beynəlxalq miqyaslı təşəbbüsləri ilə
ərsəyə gələn layihələrlə ölkəmiz xüsusən Avropanın enerji xəritəsini dəyişməyi
bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri,
TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” kimi nəhəng
layihələrin reallığa çevrilməsi ölkəmizin gücünü və onun enerji siyasətinin
effektivliyini göstərir. Xatırladım ki, bir zamanlar hətta enerjiyə olan daxili
tələbatını idxalla ödəyən Azərbaycan bu sahə üzrə düzgün qurulmuş və həyata
keçirilmiş siyasət nəticəsində hazırda dünyaya enerji ötürür. Həmçinin qeyd edim
ki, Avropanın üzləşdiyi dərin enerji böhranında Azərbaycan mühüm ümid yeri
hesab olunur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün ölkəmiz yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi
və iqlimindən yararlanaraq alternativ enerji mənbələrinə də üstünlük verir,
genişmiqyaslı işlər həyata keçirir və bu istiqamətdə nəzərəçarpacaq dərəcədə
müsbət dinamika müşahidə olunub: “Belə ki, istehsal olunan enerjidə bərpa olunan
enerji mənbələrinin çəkisi artmaqdadır. Təbii ki, bunun bir sıra üstünlükləri var. İlk
növbədə, ekoloji cəhətdən təmizdir, ətraf mühiti çirkləndirmir, tükənən deyil, hətta
məhdud və kiçik ərazidə tətbiq imkanları mövcuddur. Məlumdur ki, həm günəş,
həm də külək enerjisindən faydalanmaq üçün ölkəmizin potensialı böyükdür.

Xüsusən Xəzərsahili ərazilərdə küləkli günlərin sayının çoxluğu, eləcə də ölkə
ərazisinin günəşli olması bu sahənin inkişafına şərait yaradır”.
“Oktyabrın 26-da Xəzər regionunda və MDB məkanında ən böyük günəş
elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının
rəsmi açılış mərasimi baş tutdu. Prezident İlham Əliyevin mərasimdə iştirakı onun
bu sahənin inkişafına dəstəyinin göstəricisidir. Dünyanın böyük və nüfuzlu
şirkətlərinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin
ölkəmizə olan marağı, bu cür layihələrə maliyyə yatırması, təbii ki, Azərbaycanda
uzun illərdir mövcud olan siyasi sabitlik və yaradılmış əlverişli investisiya mühiti
ilə bağlıdır. Stansiya həmçinin ölkəmizdə təbii qaza olan tələbatı azaldacaq, bu da
qaz ixracının artmasına, maliyyə imkanlarının yüksəlməsinə kömək edəcək. Həm
də məşğulluq, ixtisaslı kadrların yetişməsi baxımından Qaradağ Günəş Elektrik
Stansiyasını əhəmiyyətlidir”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.2565450668335