Onların Eşq Nümunəsi 

09:57 02-11-2023 | icon 934
Onların Eşq Nümunəsi 

Çoxları onu dünya şöhrətli aktyor, əfsanəvi döyüş sənət ustası Brüs Linin oğlu kimi tanıyır. O, isə həyatda daim atasının kölgəsində qalmamaq üçün mübarizə apardı, ölümü bahasına da olsa, istəyinə nail oldu. Bu şəxs Brendon Li idi.

Brendon Li 1 fevral 1965-ci ildə ABŞ-ın Oklend ştatında dünyaya gəlib. 3 yaşından atası Brus Linin rəhbərliyi altında Kon Fu döyüş sənətini öyrənməyə başlayır. 1973-cü ildə sevdiyi atası vaxtsız vəfat edir. Bununla da 8 yaşlı Brendon həyatda ilk ağır zərbəsini alaraq, psixoloji depressiyaya düşür. O, 15 yaşına kimi özünə qapalı yeniyetmə kimi formalaşır. Onun həyatda aldığı ikinci psixoloji travma aktyor karyerası ilə bağlıdı. Belə ki, Brendon hələ yeniyetməlik cağlarından Şekspik vurğunu olduğundan, gələcəkdə dram aktyoru kimi formalaşmaq və şöhrət qazanmaq istəyirdi. Ssenarist, rejissor heyəti isə, bunun əksinə olaraq onu da atası kimi döyüş janırlı filmlərdə önə çəkirdilər. Brendon karyerasının ilk çağlarında bu rolları çox məharətlə ifa edirdi. O, hesab edirdi ki, karyerasında arzuladığı zirvəyə aparacaq uğurlu yolun başlanğıcı döyüşçü obrazlarını canlandırmaqdan keçir. Amma məqsədində nə atası Brüs Lini təkrarlamaq, nə də onun adından istifadə etmək vardı. Gənc Brendonun baş rollarda canlandırdığı "Kiçik Tokioda safcürük", "Qacağan od" filmlərində onun aktyorluq məharətini görsənir. Hətta həqiqət naminə etiraf etməliyik ki, o, döyüş bacarıqları sayəsində canladırdığı müsbət obrazlarına görə, həmin dövrün avanqardları olan Jan Klod Vann Damm, Cet Li, Oliviye Qrüner, Daniyel Bernhard, Don Uilson, Dolf Lundqren, Kristofer Lambert, Mark Dakaskos, Maykl Dudikoff və digərlərindən heç də geri qalmırdı. Hətta, bu istiqamətdə davam etsəydi, onların çoxunu kölgədə qoyacaqdı. Lakin onun ruhu dram rollar üçün alışıb yanırdı.

1990-cı ildə Brendon həyatının ilk və son məhəbbətini tapır. Onun "20th Century Fox" kino kompaniyasında rejissor köməkçisi kimi çalışan Eliza Hattonla tanışlığı başlayır. Müəyyən izdivacdan sonra onlar arasında münasibət daha da dərinləşir. Tezliklə Hollivud camiyasında bir-birinə fanatikcəsinə bağlan cütlük hamının nəzər-diqqətini çəkir. Elə bir yer olmazdı ki, Brendon-Eliza ikilisini birgə görməsinlər.
Brendon onun yoxluğuna dözə bilmədiyindən aktyorun yer aldığı hər hansı filmin kastinqlərində, müxtəlif şəhərlərdə çəkiliş çalışmalarında Eliza daim sevgilisinin kölgəsi olurdu. İş həyatından kənarda cütlük ABŞ və Meksikanın müxtəlif ştatlarına səfərlər edir, əylənir, birgə xoş günlər keçirirdi.

Faciəvi şəkildə yol qəzasında nişanlısını itirən ssenarist Ceyms O.Bar sevgilisinin xatirəsinə "Qarğa ( The Crow )" komiksini yazır. Lakin əsərini nədənsə 7 il nəşr etdirmir. Yalnız 1989-cu ildə "Caliber Press" nəşriyatı bu vəzifəni üzərinə götürərək ssenaristin yazısını kitab olaraq çap etdirir. Sonralar bu kitab avstraliyalı rejissor Aleks Proyasın əlinə keçir. Əsərdən valeh olan sənətlar onun filmini çəkmək qərarına gəlir. Lentə alınacaq kinonun baş qəhramanı Erik Dreyven roluna namizədlərdən biri kimi Brendonu göstərirlər. 1992-ci ilin yayında aktyora filmin ssenarisi təqdim edilir. Lakin baş rol alacağı hələ təsdiqlənmir. Brendon Eliza ilə birgə Venesiyaya istirahətə yollanırlar. Elə orada Brendon sevgilisi qarşısında diz çökərək ona evlənmə təklifi edir. Eliza təbii ki, razılıq verir. Venesiya macərasından qayıtdıqdan sonra Brendon bütün rəqiblərini qabaqlayaraq baş rol ifasına irəli çəkilir. Elə həmin ilin sonlarında Şimali Karolina ştatının Uilminqton şəhərində mistik-dram janrındakı filmin çəkilişləri başlayır. Nəhayət ki, Brendon sevdiyi dram janrında özünü təsdiqləyəcəkdi. Film maraqlı və təsirli süjet xəttinə malik idi. Belə ki, Helloin bayramı ərəfəsində rok gitara ifaçısı Erik Dreyven sevgilisi Şelli Vebster (bu rolu Sofiya Şinas canlandırır) ilə ailə həyatı qurmaq üçün toya hazırlaşırlar. Lakin şəhərin quldur sindikatının üzvləri tərəfindən onların evlərinə basqın olur. Şellini Erikin gözü qabağında zorlayırlar. Musiqiçini isə güllələyərək 5-ci mərtəbədən yerə atırlar. Gitaraçı ölür, Şelli isə komaya düşərək 30 saat sonra xəstəxanada can verir. Bu hadisədən bir il sonra mistik gücə malik qarğa Eriki qəbirdən oyadaraq ona fövqəlbəşər güc verir. Yenidən var olan Erik Şellinin qətlində əli olan quldur birləşməsinin hamısını məhv edir. Sonda sevgilisinin məzarı qarşısında diz çökərək qisasını aldığını bildirir və yenidən ölülər dünyasına - Şellinin yanına qayıdır.

Ekran əsərində maraqlı faktlardan biri də odu ki, məhz Brendonun israrlı xahişiylə onunla əlaqəli filmdəki intim səhnələr minimuma endirilir. Buna səbəb aktyorun hərtərəfli Elizaya məxsusu olmaq istəməsiydi. Nə qədər qəribə olsa da, filmdəki hadisələr, daha doğrusu Erik ilə Şellinin faciəsi Brendon-Eliza cütlüyünün həyatında da təkrarlanır.

1993-cü ilin martın ortalarında artıq ssenarinin 90%-i lentə alınmışdı. Eliza hər zamankı kimi Brendonun yanında idi. Ekran əsəri yekunlaşmağa doğru getdikcə, cütlük də toy mərasimləriylə əlaqədar tədarüklər görürdü. Belə ki, aprelin 5-i filmin bütün çəkilişləri yekunlaşmalıydı. Həmin ayın 17-də isə cütlüklərin Meksikanın Ensenada şəhərində toy mərasimi olacaqdı. Eliza üçün gəlinlik libası da hazır idi. Li ailəsi, onların yaxınları və Hollivud əhli cütlüklərinin toyuna hazırlaşırdı. 27 martda məhz Brendon Elizanı həm bir neçə gün istirahət etməsi, həm də yaxınları ilə görüşüb toylarına dəvətnamələr göndərməsi üçün Los-Ancelesə yola salmaq qərarına gəlir. Eliza əvvəlcə getmək istəmir, sonda Brendonun israrlı xahişini yerə salmayaraq yola düşür. Onların heç birinin ağlına da gəlməzdi ki, bu son görüşləridi. 30 martda filmin axırıncı səhnəsinin çəkilişlərinə hazırlıq ərəfəsində, gözlənilməz faciəyə bir neçə saat qalmış Brendon ilə Eliza son dəfə telefonla danışdılar. Bu zaman Elliza Brendona toy mərasimi üçün "Corcio Armani" şirkətindən sifariş verdiyi bəy kostyumunun, nikah üçün üzüklərin hazır olduğunu və özünü dünyanın ən xoşbəxt qadını hesab etdiyini bildirir. Bu onların sonuncu danışığı olur. Filmin son səhnəsi gecə yarısı çəkilməyə başladı. Həmin səhnədə Brendona atəş açılmalı və öldürülməli idi. Hər şey hazır idi. Start verildi, atəş açıldı, aktyor yerə sərildi. Kadr o qədər gözəl, təbii ifa olundu ki, bütün çəkiliş heyəti qışqıraraq "Bravo" sədalarıyla alqışlar etdilər. Amma nədənsə Brendonun qalxmadığını gördülər, əvvəlcə onun adəti üzrə zarafat etdiyini zənn etdilər. Lakin sonradan aktyorun bədənində boya əvəzi qarnında güllə yarası və təbii qanın axdığını gördükdə dərhal təcilli tibbi yardıma zəng etdilər. Silahın içində necə olursa güllələrdən biri döyüş təyinatlı olur. Komaya düşən Brendonu təcili xəstəxanaya aparırlar. Baş vermiş hadisə ilə bağlı dərhal Elizaya telefonla bildirilir. Madmazel əvvəlcə bunun zarafat olduğunu düşünsə də, sonda ona Brendonun vəziyyətinin ağır olmasını detallı izah etdikdən sonra Eliza birinci təyyarə reysiylə dərhal özünü xəstəxanaya yetirir. Güllə Brendonun qarnını deşərək, həyat əhəmiyyətli orqanlarını zədələmiş, sonda onurğa sümüyündə ilişib qalmışdı. O, həmçinin arterial qanaxma nəticəsində xeyli qan itirmişdi. Həkimlərin bütün səylərinə, hətta onu əməliyyat edərək, 7 litrə yaxın qan köçürülməsinə baxmayaraq, aktyorun yaşaması yalnız möcüzəyə qalmışdı. O, artıq 12 saata yaxın idi ki, komadaydı. Eliza palataya daxil olaraq Brendonu o vəziyyətdə görərək, göz yaşları ilə özünü onun üstünə atıb fəryad qopardı. Elə bu an Brendon komadan ayılmadan, son nəfəsini verərək həm Elizayla, həm də həyatla vidalaşır. 31 mart 1993-cü il saat 13.04-də Brendon ürəyi dayanır. Bu sanki, "Qarğa" filminin real həyatdakı canlı kadrı idi. Filmdə Şelli 30 saat komada olub dünyadan köçdüyü kimi, həyatda da Brendon 12 saata yaxın o vəziyyətə düşərək canını tapşırdı.

Hamının səbirsizliklə gözlədiyi toy bayramını yas mərasimi əvəz edir. 3 aprel 1993-cü ildə Brendonu Vaşinqton ştatının Siyetl şəhərində atası Brüs Linin məzarı yanında dəfn edirlər.

Filmin ssenari müəllifi Ceyms O.Bar müsahibələrinin birində deyəcəkdi:

"Dəfndən bir neçə həftə sonra Elizaya baş çəkmək qərarına gələrək ona iki dəstə sarı qızılgül aldım. Vaxtı ilə sevgilimi yol qəzasında itirdiyimdən hər zaman onun məzarı üstünə də bu gülləri qoyardım. Eliza mənim bu faciəmdən xəbərdar idi. İndi isə sarı qızılgüllərlə Elizaya təsəlli vermək istəyirdim. Mənzil başına çatanda həyata küskün, hər şeyini itirmiş, miskin bir qadını gördüm. O, bir otaqda oturmuşdu. Otaq başdan-ayağa toy mərasimi üçün alınmış hədiyyələr, itirilmiş yarının vaxtı ilə onun üçün aldığı hədiyələr-əşyalarla bəzədilmişdi. Masanın üstündə isə onların birgə keçirdiyi anlarla bağlı video kasetlər, Brendonun müxtəlif jurnallara verdiyi müsahibələri və əl-ələ, qol-boyun olduğu şəkilləri ilə diqqət çəkirdi. Qəfildən Eliza mənə dedi: "Bunu görmək istəyirsiniz?" Onun nəyi nəzərdə tutduğunu anlamadım. O, əlimdən tutaraq məni digər otağa apardı və ona geyinmək nəsib olmayan, hələ də manikenin üzərində qalan gəlinlik paltarını göstərərək: "məgər o gözəl deyil?" - deyə soruşdu. Bu mənim həyatımda bir insanın ən kədərli faciəsini göstərən an kimi yaddaşıma həkk olundu..."

Brendon Linin anası sonradan kinostudiyanı məhkəməyə verdi. Məhkəmə isə kino çəkilişləri zamanı lazımınca təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə Li ailəsinin lehinə qərar çıxardı. Onlara dəymiş mənəvi zərərə görə pul təzminatı ödənildi.
Brendona atəş açan aktyor Maykl Massi heç bir məsuliyyətə çəlb olunmadı. Buna rəğmən o, da həyatının sonuna kimi vicdan əzabı çəkdi. Müsahibələrinin birində Maykl hüzünlə deyirdi: "O səhnə hələ də kabus kimi yuxularıma girir". Tətiyi çəkən aktyor 2016-cı ildə mədə xərçəngindən vəfat etdi.
Brendonun ölümündən sonra filmin yarımçıq qalmış səhnələri dublyorlar vasitəsilə çəkilib tamamlandı. Həmçinin aktyorun ölümünə səbəb olan faciəvi kadr kəsilərək yenidən çəkildi. Film ümumilikdə 15 milyon dollara başa gəldi. 13 may 1994-cü ildə "Qarğa"nın premyerası gerçəkləşdi. Ekran əsəri 1994-cü ilin ən yaxşı filmi seçilərək "MTV Movie Awards" mükafatına, Brendon Li isə "ən yaxşı aktyor" adına layiq görülsə də, onun yaxınlarına heç bir mükafat verilmədi. Filmin rejissoru Aleks Proyas, ssenari müəllifi Ceyms O.Bar bir-birinə qovuşa bilməyən cütlüyün eşqinə dərin hörmət bildirərək ekran əsərini Brandon və Elizaya həsr etdilər. Kinoya baxanlar filmin sonunda qeyd edilən "For Brandon and Eliza" (Brendon və Elizaya həsr olunur) yazısını yaxşı xatırlayarlar. Film 95 milyon dollara yaxın gəlir gətirdi.

Bu faciədən sonra Eliza depressiyadan uzun müddət çıxa bilmədi. Heç kim onu nə Brendon kimi cəlb, nə də ürəyini fəth edə bildi. O, sevdiyi insanı itirdikdən sonra 11 il subaylıq həyatı sürdü. Yalnız 2004-cü ildə ailə həyatı qurdu. Bu evlilikdən onun qız övladı dünyaya gəldi. Eliza hazırda Kaliforniyada ştatında yaşayır.

30 yaşıma qədər hər dəfə filmə, əsas da Erik ilə Şellinin yanaşı qəbirlərinin nümayişiylə bağlı kadra baxanada özümə aşağıdakı sualı verərdim:

" Eliza Brendonu unuda bildimi? Xoşbəxtdirmi?"

Bu suala uzun illər cavab tapa bilmədim. Amma yaşa dolduqca belə qənaətə gəldim:

"Həyatımızın gələcəyi ilə bağlı bir saniyə belə bizə məxsus deyil. Odu ki, nəfəs alıb verən anda həyat adlı böyük teatr bizə sürprizlər yaşadır. İrəlidə bizi hansı yeniliyin, dəyişikliyin gözlədiyi bəlli deyil. Öz axarıyla irəliləyən zamandan sevinc yoxsa kədər payımızı alacağımız nə iradəmizdən asılıdı nə də bəllidi. Demək ki, Yaradanın hissiyatsız və gözəgörünməz qatarı qarşısında acizik. Keçmişimizdəki bədbəxt hadisələri gözümüz qarşısında canlandıranda kədərlənib bir daha bunun baş verməməsini istəyirik. Sevincli, şad-xürrəm günlərimizin xatirəsini yada salanda isə, qəlbimiz onu yenidən, sonsuza qədər yaşamaq eşqiylə alovlanır və həmin anlara qayıtmağın həsrətini çəkərək gözlərimiz dolur. Odu ki, Elizanın illər sonra ailə həyatı quraraq ana olması, ona nə dəlicəsinə aşiq olub bağlandığı Brendonu unutdura bilər, nə də ki, onunla birgə keçmişdəki xoş anları əvəzləyə bilər. Brendonun sevən Eliza artıq yoxdu. 11 il sonra yenidən göz açan, həyatına kimisə alan, ana olan başqa qadın var. Amma evli olan zərif cins belə, keçmişin nostaljisinə, anlarına qayıdıb hazırkı yaşantısında nələrisə müqayisə edəndə göz yaşı ilə həsrətini çəkdiyi yarının susqun, soyuq qəbir daşına nəzər yetirər, bəzən isə hönkürtüylə ağlayaraq onu qucaqlayar".

Bu məqamda Nazim Hikmət gözəl deyir:

"Nə qədər əzabdı insanın bildiyini anlata bilməməsi. Mən deyib, susması, sən deyib ağlamaqlı qalması".

Həyat adlı səhnədə insana bəzi seçimlər bir dəfə verilir. Ruhən bağlanaraq aşiq olmaq da yeganə şanslardandı. Ən böyük faciəmizdə odu ki, verilmiş bu şansı ya anında dəyərləndirmir, ya qovuşmaq nəsib olmur, ya da qovuşduqda ömrü qısa, əzabı sonsuz olur...

Bizə qalan yaşantılarımızı nəzər salıb əzab çəkmək, sadiq qalmaq, özünü aldatmaq, şəxsi həyatını dəfn edib yaradıcılığa sığınmaq və digər seçimlər etmək qalır.

Bu yerdə Məlik Cahanın şeirindən bir bənd yada düşür: 

"Nə gücüm var, nə hünərim, 

Çıxıb getdi sevdiklərim...

Sən gedəli kipriklərim, 

Yanaqlarıma yaş atır...

KİV və sosial şəbəkələrdə gözümüzə soxulan "Tom Kruz-Nikol Kidman", "Bred Pitt-Ancelina Culi" və digərlərinin "göstərişli xoşbəxt cütlüy"ün qısa zaman sonra qalmaqallı boşanmalarını görməkdən bezmişik. Həndəsi silsiləylə birləşən-dağılan portnyorları görəndə, bəzən sevinirəm ki, Brendon-Eliza evlənməyib eşq yaşayanlardan və xatırladıqca ürəkləri alovlananlardan oldu. Şair demiş: "Sevmək əslində sevdiyin insanla birlikdə olmaq
deyil. Çünki eşq onunla yaşamaq yox, onu yaşamaqdı" ifadəsi yada düşür.

Brendon Li ölümü bahasına olsa da, arzusuna çatdı. Atasının kölgəsində qalmadı, sevdiyi dram janrındakı ilk və son rolunu möhtəşəm canlandıraraq adını dünya kinosunun unudulmaz aktyorları sırasına yazdırdı. O, atasının yolu ilə getmədi, amma valideyni kimi gənc yaşında, vaxtsız, daha tez həyatla vidalaşdı. Eliza komada olan sevdiyi Brendonu qucaqlayanda, o, 28 yaşında ölümə məğlub olub gözlərini əbədi yumdu. Düşünürəm ki, gənc sənətkar mavi ekranda tarix yazmaqla yanaşı, həyatın böyük ekranında da möhtəşəm finalıyla ucalığını göstərdi. Brendon aşiq olduğu qadını tapdı və onun isti nəfəsini hiss etdikdən sonra gözlərini yumdu. Hər kişiyə, o cümlədən maddi zənginliyinin, şöhrətinin zirvəsini yaşayan məşhurlara da belə bəxtəvərlik nəsib olmur.

Mən isə "Qarğa" filminə dəfələrlə baxan, baxmaqda olan, ömür nəsib etsə yenə də izləmək şansım olacaqsa, onun son səhnəsini həmişə göz yaşıylaşa seyr edəcəm:

"Erik nişanlısının qisasını alaraq qatillərinin hamısını öldürdükdən sonra gücü tükənərək, sürünə-sürünə qovuşa bilmədiyi yarının məzarı başına çataraq "Şelli" deyib, yenidən ölülər dünyasına - öz yarına qovuşması səhnəsində elə Brendonun Elizaya necə bağlanaraq aşiq olduğunu görmək olar..."

Haşiya

3 yaşımdan bu yana çox filmlərə baxmışam. Amma həyatımda cəmi 2 ekran əsəri dərin iz qoyub: "Terminator - 2: Məhşər günü" və "Qarğa". Birinci mənə insanlığı azğınlaşmış ikiayaqlılardan qorumaq üçün daim mübarizəyə qalxmağı, hətta ən amansız vasilərlə belə mübarizə aparmağı beynimə həkk etdi. İkinci isə həyatımda barmaqla göstəriləcək dəyərli, əziz insanlar üçün hamını, lazım gəlsə, bütün dünyanı belə qarşıma almalı olduğumu göstərdi. Sözsüz ki, bu nümunələri mənə "T-800" terminatoru və Erik Dreyven göstərdi.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.31380987167358