Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR

00:34 05-11-2023 | icon 1025
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR

3 gün öncə I Türksoy Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Əlişir Nəvainin "Leyli və Məcnun" əsəri əsasında özbək dilində eyniadlı tamaşa oynanıldı. Ekran əsəri ölkəmizdə qastrolda olan Səmərqənd Vilayət Musiqili Dram Teatrının aktyorları tərəfindən canlandırıldı.

Tamaşa qəmli, amma çox təsirli özbək musiqisiylə və aktyorların şeirlər sədası altında dövrə vurmalarıyla start götürdü. Səhnə əsərini maraqlı edənlərdən biri edamlıq kəndirlərin tamaşa boyu olmasıydı. Əslində boyuna keçirilənlərlə yalnız insanların həyatlarına son qoymaqdan çox yaşayarkən necə əzablar çəkməsini göstərirdi. Məhz Leyli (bu rolu Şoxsanamxon Obloqulova canlandırır) ilə Məcnun (Bəhruz Qurbonalıyev) bu kəndirlərdən yapışaraq bir-birlərinə eşq elan etməsi, qəmli şeirlər səsləndirməsi, rəqslər edirdilər. Eyniylə də onların qovuşmasına mane olanların da bu kəndirlərdən bərk-bərk yapışmaqla 2 yarın bir-birindən ayrı düşməsi üçün dəridən-qabıqdan çıxmalarını göstərilməsi rejissor kreativliyinin nümunəsiydi. İldırımlar çaxması səhnəsi çox təbii alındı. Leylinin anasını qızın hislərinə müxalif çıxaraq: "unutma şah qızısan" deməsi sanki indiki dövrdə bir çox "valideyn"lərin "qızım pulu-parası, var-dövləti olan insanla evlən rahat yaşa" deməsini çox xatırladırdı.

Məcnun, Leyli, İbn Səlam və Leylinin anasının bir araya gəlməklə şeirlə ifadələr səsləndirməsi, 4 ayrı-ayrı insanın yox, sanki 4 müxtəlif dünyanın qarşıdurması idi...

Tamaşanın sonunda aşiqlərin ruhən bir-birinı qovuşmasını ağ pərdədə son dərəcə təsirli və təbii nümayiş olundu. Hələ onların göylərə qalxaraq səmada buxarlanması möhtəşəm idi..

Tamaşaya baxmaq üçün yalnız soydaşlarımız deyil, başqa ölkələrin də seyrcilər təşrif buyurmuşdu. 23 qırğız, 21 türkmən, 9 türk, 23 özbək, 73 qazax tamaşaçı zalda əyləşmiş, həmçinin 15 fəxri qonaq, 5 xarici münsif (1-i bizdən) dəvət edilmişdi.

Səhnə əsərinin izləyənlər arasında sənətkarlarımızda vardı. Onlardan "Xalq artisti", Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Hacı İsmayılov da vardı. Sənətkardan tamaşayla bağlı fikirlərini öyrəndik:

"Bildiyiniz kimi Nizami, Füzuli, Nəvahi kimi üç dahi müxtəlif əsrlərdi "Leyli və Məcnun" əsərlərini qələmə alıblar. Onların hər birinin qələm məhsulu özündə insanın insana olan məhəbətini və digər ümumbəşəri dəyərləri əks etdirir. Səmərqənd Vilayət Musiqili Dram Teatrının aktyotları bu gün Nəvahinin əsəri əsasında tamam fərqli bir tamaşa ortaya qoydu. Dekarasiyalar, işıq ilə səs effekti, səhnə hərəkətlərinin kreativliyi ilə seçildi. Dekarasiyanın özü çox şeyi dedi. Eləcədə özbək həmkarlarımızın ərsəyə gətirdiyi tamaşanın daha bir özəlliyi aktyorların səhnədən çıxmayaraq, daim meydanda görünməsidi. Hər bir klassik əsəri tamaşaya qoyanda onun həllini də göstərmək lazımdı. Bu səhnə əsərini müasir dövrə uyğun həlli nümayiş olundu. Odur ki, özbəkistanlı sənətkarın bizə nümayiş etdirdiyi möhtəşəm tamaşadan valeh oldum, onların səmimi qəlbdən təbrik edirəm".

"Xalq artist"i Naibə Allahverdiyeva da "Leyli və Məcnun" haqqında təəssüratlarını bölüşdü:

"Azərbaycanımızda I Türksoy Teatr Festivalının keçirilməsi xoşdu. Biz qalib ölkəyik, belə tədbirlərin tez-tez keçirilməsini istəyərik. Vaxtilə mən də Kazanda Dünya Türk Festivalında iştirak etmişəm. O zaman ədiblərimizdən Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadug" əsəri əsasında Nicat Kazımovun ərsəyə gətirdiyi tamaşada rol almışam. Hətta səhnə əsərimizə baxmaq üçün Moskvadan və digər şəhərlərdən də tənqidçilər gələrək razı qalmışdılar. Sözüm o ki, Türk xalqlarının teatr festivalları mənim üçün həmişə dəyərli festivaldı. Bugünkü tamaşaya gəlincə, Əlişir Nəvainin qələmi əsasında səhnələşdirilən fərqli "Leyli və Məcnun" gördük. Tamaşada rejissor kreativliyi nəzərə çarpırdı. Çox razı qaldım. İstər Nizaminin, istər Füzulinin, istərsə də Nəvainin 2 aşiqlər haqqında yazdıqları əsər bizim üçün dəyərlidi. Nə qədər onları ayırmaq düz olmasa da, hesab edirəm ki, Füzulinin "Leyli və Məcnun"u bizə bir köynək daha yaxındı. Çünki, böyük şairimiz türkcə yazıb. Elə ötən ay da rejissor Samir Qulamov ölməz ədibimizin əsəri əsasında "Leyli və Məcnun" tamaşasının premyerası oldu. Mən də həmin səhnə əsərində Leylinin anasını canlandırmışam. Son olaraq özbəkistanlı həmkarlarımı bir daha təbrik edir, onlara uğurlar arzu edirəm".

Tamaşa təşrif buyuranlar arasında Odlar Yurdu Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva və həmin tədris ocağının 4-cü kurs tələbələri də təşrif buyurmuşdu. Adı çəkilən ali təhsil müəssisəsinin heyəti də tamaşadan ürək dolusu danışaraq, çox bəyəndiklərini vurğuladılar.

ABDULLA İSMAYILOĞLU

 


Digər xəbərlər

0.27443814277649