Nazir: “İnanıram ki, Milli Atçılıq Festivalını hər il keçirə biləcəyik”

16:41 05-11-2023 | icon 744
Nazir: “İnanıram ki, Milli Atçılıq Festivalını hər il keçirə biləcəyik”

“İl ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müxtəlif idman yarışları və tədbirlər keçirilir. Onların əksəriyyəti beynəlxalq status daşıyır”.

Bunu saytımıza açıqlamasında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı start götürüb. Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.

Qayıbov bildirib ki, çövkən üzrə dünya çempionatının ilk dəfə Bakıda keçirilməsi turnirdə yüksək bayram əhval-ruhiyyəsi yaradıb: “Bu festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevə təşəkkürümü bildirmək istəyirəm. Çox gözəl bir yarışdır. Zəfər Günü yaxınlaşır və bu gün festivalda bayram əhval-ruhiyyəsi var. Yarış çox yüksək səviyyədə təşkil olunub. Festival çərçivəsində həm də ilk dəfə çövkən üzrə dünya çempionatı keçirilir. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Çox gözəl təşəbbüsdür. İnanıram ki, bu festivalı hər il keçirə biləcəyik”.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri mübarizə aparır. Mundialın mükafatçıları noyabr 8-də - Zəgər Günündə bəlli olacaq.

Fərəc Aslanov


Digər xəbərlər

0.19846701622009