Suverenliyimizin rəmzi – qürur mənbəyimiz

14:22 07-11-2023 | icon 724
Suverenliyimizin rəmzi – qürur mənbəyimiz

        Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

      Ulu Öndər demişdi: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

         Bu gün bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır. Azərbaycan Bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə Azərbaycan xalqının bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi, bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu. Bakıda üçrəngli Azərbaycan Bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi, dünya bir daha gördü ki, bundan sonra heç bir qüvvə həmin bayrağa toxuna, ləkə yaxa bilməyəcək. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir" deməsi də isbatladı ki, bizim üçrəngli bayrağımız mənliyimizin və öz dövlət hakimliyimizin atributudur.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

       Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz üçrəngli bayrağımız hər birimiz üçün arzu idi, yerinə yetmişdir. Bu bayrağın önündə Ümummilli Lider Heydər Əliyev, onun əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyev baş əyərək, and içdi. Bu bayraq indi neçə-neçə illərdən bəri erməni işğalı nəticində qarşılaşdığımız xəcalət yükünü üzərimizdən götürüb, bütün Qarabağ elində dalğalanır.

        Bu anda bayrağımıza sədaqəti heç zaman unutmamalıyıq. Çünki bayraqları bayraq edən üstündəki qandır, deyiblər. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik. Status və vəzifəmizdən asılı olmayaraq, bayrağımızı şərəfimiz və qürurumuz bilib, onun daim yüksəklərdə dalğalanması üçün çalışmalıyıq.

Seymur Abbasov,

Cəlilabad RİH-in əməkdaşı


Digər xəbərlər

0.25498008728027