İşğala son

16:14 07-11-2023 | icon 731
İşğala son

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam
Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil
ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.
Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir
iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan
hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər
qazandı.
Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, son
200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən
tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici
siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar,
sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub.
Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami
Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında
maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil
siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz
olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli
yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.
Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və
ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması zamanın reallığıdır. Eyni
zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib,
ən müasir silah sistemləri alınaraq silahlanmaya qəbul edilib. Artıq heç kimə sirr deyil ki,
Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki
bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə isə ordu quruculuğunda
əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən taleyüklü
addımlar atılıb ki, bunun da müsbət nəticələrini 44 günlük Vətən müharibəsində real şəraitdə
gördük, şahid olduq. Hamıya məlumdur ki, bütün bu sadaladıqlarımız güclü iqtisadiyyat,
dayanıqlı inkişaf və böyük maliyyə resursları olmadan təsəvvür edilə və həyata keçirilə bilməz.
Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini
daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl
xüsusiyyətlərinin bir daha şahidi oldu.
Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım
fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret
verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım
kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən
ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və
mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının
haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada
Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək
təriflərə, ən yüksək təriflərə layiqdir.
Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş
Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı
ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının
qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam
qalibik!”.
Cəfərova Ülkər
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.24544310569763