Xudafərin Bütöv Azərbaycanın şah damarıdı

01:01 08-11-2023 | icon 871
Xudafərin Bütöv Azərbaycanın şah damarıdı

Bu gün II Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasının 3-cü il dönümüdü. Çoxları üçün 8 Noyabr - Şuşanın alınması 44 günlük savaşda ən pik uğuru hesab edir. Mənə görə isə dığalarla qarşıdurmada ən böyük zəfər başqadı. Belə ki, xalqımızın 3 il əvvəlki müharibədə başlıca qələbəsini Cəbrayıl uğrunda gedən döyüşlər, nəticədə rayonun işğaldan azad olunaraq 18 oktyabrda Xudafərin körpüsü üzərində dövlət bayrağının sancılması və dalğalandırılması oldu. Bu uğur xalqımızın yalnız haylara üstün gəlməsi, dövlətimizin məkirli Hayastanın başınızı əzməsi deyil. Araz üzrəində inşa edilən tikiliyə yenidən ayaq basmağımız 1747-ci ildən başlayan, son 2 əsrə yaxın zaman kəsiyində isə sürətlənən faciə qanqrenamızın qarşısını kəsməkdi. Xudafərin Bütöv Azərbaycanın şah damarıdı. 3 il öncə müharibənin getdiyi bir vaxtda - 30 oktyabr 2020-ci ildə yazdığım "XUDAFƏRİN – BÜTÖV AZƏRBAYCANIN BƏRPASININ BAŞLANĞICI" məqaləmi "Zəfər günü"nün 3-cü il dönümü münasibətiylə yenidən xalqımıza xatırladıram.

“Allahdan ən böyük arzum odur ki, mənə uzun ömür versin, Cənubi Azərbaycanın istiqlaliyyətini görə bilim”.

Bu sözləri ömrünün son vaxtlarında “Türküstan” qəzetinə (təəssüf ki, qəzetin nömrəsini unutmuşam) müsahibəsi zamanı şair, ədəbiyatşünas Balaş Azəroğlu demişdir.
Çox təəssüf ki, Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında yaxından iştirak edən ədibimiz arzusuna çatmayaraq, 24 aprel 2011-ci ildə dünyadan köçdü.
27 sentyabrdan etibarən uğurlu hərbi əməliyyatlar aparan ordumuzun Cəbrayıl, Füzuli şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini və digər yaşayış məntəqələrini işğaldan azad etməsi nə qədər sevindirici olsa da, 18 oktyabr 2020-ci il tarixdə Xudafərin körpüsünə bayrağımızın sancılması qədər qürurverici, böyük zəfər ola bilməz.
Xüdafərin körpüsü yalnız XI əsrdə tikilmiş abidə deyil.
Xudafərin xalqımızın yaddaşıdır, iki doğma diyarın arasında ümiddir, həm sevinclərimizin, həm də kədərlərimizin şahididir; Gülüstan-Türkmənçay faciələrinin, I Qarabağ müharibəsi sonrası doğma səslərinə, muğam-aşıq avazına, aborigen sakinlərinin ayaq taqqıltılarına həsrət qalaraq, tənhalıq içində ağlayan, başına min bir bəlalar gəlmiş məkandır.
Xudafərin körpüsü Bəzz, Əlincə, Gəncə qalalarıtək şücaət, cəsarət, qəhrəmanlıq nümunəsi və gələcək zəfərlərimizin başlanğıcıdır.
“2 İyul” günü vyetnamlılar üçün şimal ilə cənub torpaqlarının, “9 Noyabr” təqvimi almanlara görə Berlin divarının sökülməsi və AFR ilə ADR-in vahid Almaniya kimi birləşərək vahid Vətən olmaları necə əlamətdar tarixi hadisədirsə, “18 Oktyabr” təqvimi də bizim üçün yalnız III Respublikanın yaranması kimi yox, həm də Xudafərin zəfəri ilə o taylı-bu taylı tarixi torpaqlarımıza qovuşma yolunda yeni mərhələnin başlanğıcıdır.
1945-1946-cı ildə Arazın o tayında milli dövlətçiliyimizi bərpa edən Mir Cəfər Bağırov “Azərbaycan ziyalılarının növbəti vəzifələri” kitabında yazır:

“Azərbaycan ziyalısının bir məqsədi, amalı həmişə qarşısında olmalıdır: TƏBRİZ, TƏBRİZ, TƏBRİZ!”

Xudafərin zəfəri ilə cənuba doğru ilk baryer dağıdıldı, dəhliz açıldı. Qarabağın işğaldan tamamilə azad olunması savaşından sonra “Bütöv Azərbaycan”, “Vahid Vətən” şüarları ilə özümüzü tərbiyə etməli və bütün amalımız bu məqsədə çatmaq uğrunda olmalıdır. Tarixi torpaqlarımızın birləşməsi utopiya deyil, zaman məsələsidir. Odur ki, Xudafərinə ayağımızı basdıq. Bu yol İran körfəzinə çatanda bitəcək.

Qələbələrimizin ardı gəlsin, yaşasın xalqımız, Qarabağ bizimdir, Xudafərin körpüsü Vətənimizin bölünməzlik, bütövlük, vahidlik simvoludur!

Abdulla İsmayıloğlu


Digər xəbərlər

0.25022220611572