Azərbaycanın modern gücünün nümayişi

13:52 12-11-2023 | icon 820
Azərbaycanın modern gücünün nümayişi

         Xankəndldə keçirilmiş Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Bu, o deməkdir ki, cənab  İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə  yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi, müharibədəki zəfəri ilə yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu paradı izləyərkən bir daha gördük ki, Ermənistanın uzun bir müddətdə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə hərbi texnika qəhrəman ordumuzu sarsıda bilmədi.

        Dövlət başçısı hərbi paraddakı çıxışında “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” fikirləri ilə ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini açıqladı. Bu gün dərin qürur və iftixar duyğuları ilə yaşayarkən unutmamalıyıq ki, bu qələbə  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan rəşadətli ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

         Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan birdəfəlik qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Əfsanəvi Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti heç zaman unudulmayacaq qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan əsgər və zabiti misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi.

        Xankəndidəki Zəfər paradında Azərbaycan Ordusunun məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

          Zəfər paradımız  beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisi oldu. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq.

 

Qəzənfər Ağayev,

Cəlilabad şəhər sakini, Vətən müharibəsi qəhrəmanı


Digər xəbərlər

0.23718500137329