Önəmli xəbərdarlıq mesajı

13:54 12-11-2023 | icon 1088
Önəmli xəbərdarlıq mesajı

        XXI əsrdə heç bir ordu Azərbaycan ordusu qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.

       Qəbul olunmuş doğru qərar. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız.

      İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.

          Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında söylədiyi kimi, Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz.

      

   Cahangir Əliyev,

Cəlilabad rayon Kövüzbulaq kənd

tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.60043787956238