Önəmli iqtisadi əlaqələr

11:47 13-11-2023 | icon 1593
Önəmli iqtisadi əlaqələr

 Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonşu ölkəyə səfər edib. Dövlət başçımızı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşılayıb. Liderlər əvvəlcə ikitərəfli görüş keçiriblər. Toplantıda beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulanıb. Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı işinə başlayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə toplantısını açaraq iştirakçıları salamlayıb və ötən müddətdə görülən işlər barədə məlumat verib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayıb: “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib”.

Dövlət başçımız İlham Əliyevin Zirvə toplantısındakı çıxışı diqqətçəkən olub. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi qəlbdən təbrik edən Prezident İlham Əliyev bildirib: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.

Ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın təşkilatın işində fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Eyni zamanda, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır.

Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 2003-cü ildən etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikamızda güclü iqtisadi potensial formalaşıb. Azərbaycanda bu gün geniş və hərtərəfli infrastrukturun qurulması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da məhz bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında bu statistik rəqəmi açıqlayıb ki, ümumiyyətlə son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud münbit və əlverişli sərmayə mühitinin göstəricisidir.

Digər tərəfdən, hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin, 30 il davam edən işğal dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında növbəti platformadır. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti bu reallığa yönəldib ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlayıb. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradıb, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin edib. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyub və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa edib.

Sədafər Hüseynov

Saatlı rayon Ağsaqqallar şurasının sədri

 


Digər xəbərlər

0.20359802246094