Obyektiv zərurət, məsuliyyətli addım və doğru qərar

12:02 20-11-2023 | icon 869
Obyektiv zərurət, məsuliyyətli addım və doğru qərar

Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Yeni Azərbaycan Partiyasının yaranması zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi.Ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirməsi böyük tarixi hadisə idi.  Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Dəfələrlə hakimiyyət dəyişikliyindən sonra hər bir Azərbaycan vətəndaşı ölkəni bürüyən böhrandan çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Bu gün partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Fərqanə Məmmədova,

Cəlilabad şəhər bələdiyyəsinin sədri


Digər xəbərlər

0.22933292388916