Səttar Möhbalıyev: “Azərbaycan heç bir dövlətin diktəsi ilə hərəkət etmir”

12:09 20-11-2023 | icon 1323
Səttar Möhbalıyev: “Azərbaycan heç bir dövlətin diktəsi ilə hərəkət etmir”

“Bu gün - 20 noyabr tarixi Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Belə
ki, 44 gün davam etmiş Azərbaycanın əsgər və zabitlərinin şanlı döyüş yolu
təcavüzkar dövləti və onun havadarlarını, erməni diasporunu rəzil duruma saldı.
Azərbaycan Ordusunun ayaqları altında məhv edilmiş işğalçı ordusunun tör-
töküntülərini xilas etmək üçün Ermənistanın kapitulyasiya aktına imza atmaqdan
başqa yolu qalmadı. Bununla da düşmən həm döyüş meydanında, həm də
diplomatiya masasında məğlub olaraq Ağdamı, Laçını, Kəlbəcəri bir güllə
atılmadan Azərbaycana qaytarmağa məcbur edildi. Noyabrın 20-də Ağdam
rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bu, Ali Baş
Komandan və qətiyyətli Lider prinsipiallığının, qətiyyətinin təntənəsi idi. Sözsüz
ki, Cəbrayılı, Hadrutu, Füzulini, Şuşanı böyük qəhrəmanlıqlar göstərərək azad
edən Ordumuz həmin rayonları da azad edəcəkdi. Amma biz heç bir itki vermədən,
döyüşsüz, qansız həmin rayonları işğaldan qurtardıq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, azad edildikdən sonra Ağdamda erməni vəhşiliyinin əsl üzü
göründü: “İnanılası deyildi, çünki burada törədilənlər insanlıqla bir araya gəlmirdi.
Həm şəhərdən, həm də rayonun kəndlərindən əsər-əlamət qalmamışdı. Hətta
Ağdama gələn xarici və yerli jurnalistlər buranı Qafqazın Xirosiması
adlandırırdılar. Ümumiyyətlə, Ermənistan beynəlxalq hüquq anlayışını qəbul etmir.
Bəlkə də, dünyada Ermənistan qədər beynəlxalq hüququ ayaqlar altına atan ikinci
bir dövlət yoxdur. Məsələn, bu dövlət Cenevrə Konvensiyaları ilə üzərinə düşən
bütün öhdəlikləri kobud şəkildə pozaraq Ağdamda coğrafi adları belə
dəyişdirmişdi, mülkiyyəti tamamilə talan etmişdi. Mən hesab edirəm ki, bu mənzərəni gördükdən sonra hansısa dövlətin qalxıb Ermənistanı müdafiə etməyə çalışması bilavasitə rəzillikdir. Artıq bu gün Ağdamda vəziyyət başqadır, 2021-ci il
mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında rayonu
yenidən qurulur. İnanırıq yaxın zamanlarda rayonun əvvəlki görkəmi özünə
qaytarılacaq və ölkəmizin ən inkişaf etmiş ərazilərindən biri olacaq”.
“Həmçinin mən bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasında
“Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələrə toxunmaq
istərdim. Adından görünür ki, bu addım birbaşa təxribatdır, özünü böyük dövlət
kimi dünyaya sırıyan ABŞ-yə yaraşmır. Çünki ABŞ dünyada haqqın, ədalətin,
demokratiyanın carçısı kimi özünü aparır, əslində bu anlayışları əlində silah
etməklə riyakarlıqla məşğuldur. Hamıya məlumdur ki, Qarabağ münaqişəsi
beynəlxalq hüquq çərçivəsində həll olub, “Dağlıq Qarabağ” anlayışı isə,
ümumiyyətlə, mövcud deyil. Nümayəndələr Palatasının üzvləri yığılıb nədən
danışıblar, boş yerə zaman xərcləyərək nəyi müzakirə ediblər məlum deyil. Bunlar
Azərbaycanın daxili işlərinə burunlarını soxmaqla nə etmək istəyirlər!? Bəlkə də,
regiondan uzaqda yerləşdikləri üçün burada baş verən hadisələr onlara hələ gedib
çatmayıb. Bilmirlər ki, Ermənistan hakimiyyətinin özü belə Qarabağı
Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Odur ki, siz nədən danışırsınız!?”, - Milli
Məclisin deputatı bildirib.
“Konqresin üzvlərinə demək istərdik ki, problemləriniz saymaqla qurtaran deyil.
Ölkənizin dövlət borcu hər keçən gün durmadan artır, irqi ayrı-seçkilik baş alıb
gedir, polis zorakılığı yerə-göyə sığmır, kriminal durum kəskin hal alıb və s.
Mənasız müzakirələrə vaxt sərf etməkdənsə, gedin özünüzün daxili işlərinizlə
məşğul olun. Qarabağ problemini Azərbaycan özü həll edib, ATƏT-nin Minsk
qrupunun həmsədrləri olaraq nə Fransa, nə də ABŞ bunu bacardı. İndi nədən
narahatsınız? Nə qədər gülməli olsa da, dinləmələr zamanı çıxış edənlər səsləndiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Sual edirəm, məgər Azərbaycan Ermənistandır ki, hansısa dövlətin yardımı ilə yaşasın? Pandemiya
dövrünü xatırlayın, Azərbaycan özü yardıma ehtiyacı olanla kömək edirdi”, -
Səttar Möhbalıyev vurğulayıb.
AHİK sədri əlavə edib ki, Azərbaycan xalqına Qərbin ikiüzlü və riyakar siyasəti
çoxdan məlumdur: “Fransanın Afrikada törətdikləri dünya tarixinin qara
ləkələridir. Həmçinin Suriyada, İraqda, Liviyada, Əfqanıstanda yaşanmış və
hazırda baş verən qanlı hadisələrin ssenari müəllifinin Qərb olduğu heç kimdə
şübhə doğurmur. Eləcə də Şərqi Avropada, Yaxın və Orta Şərqdə hazırda davam
edən müharibələr onların fitvasından doğub. Ona görə də özünüzü mələk kimi
aparmayın. Sizin qərəzli, təxribat xarakterli addımlarınızın, hiylə dolu siyasətinizin
Azərbaycana heç bir təsiri olmayacaq”.


Digər xəbərlər

0.25747585296631