Tarixi səfər

09:34 24-11-2023 | icon 843
Tarixi səfər

 

 

       İraq Respublikası Prezidentinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfər çərçivəsində aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.

        Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Cənab İlham Əliyev deyib ki, biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk.

     Azərbaycanla İraq arasında iqtisadi-ticari əlaqələr daim dinamik inkişaf edib, iki ölkənin bu sahədə münasibətləri müxtəlif vaxtlarda imzalanan sənədlərlə getdikcə möhkəmlənib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İraq Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

       Dövlət başçımız xüsusilə vurğulayıb ki, Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq. Vəziyyətin tarixçəsini qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərinin mübadilə olunduğunu bildirib. Lakin sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.

     Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.

Ramil Əmənov,

Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

 

 


Digər xəbərlər

0.28243017196655