Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir

09:36 24-11-2023 | icon 1294
Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etdiyi kimi, bu səfər ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. “Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz” - dövlət başçısı qeyd edib.

        Səfər zamanı iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsi oldu: "Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Bununla yanaşı həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edildi. Görüşdə ən vacib məqamlardan da biri, İraq prezidentinin Azərbaycan və Ermənistan arasında hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı məlumatlandırılması oldu.

        İraq və Azərbaycan hər zaman bir-birinə dəstək olub və hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü müdafiə edib: Bu birlik həmçinin Qoşulmama hərakatında, İslam Əməkdaşlıq təşkilatında da özünü göstərib. İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək.

        İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Dövlətimizin başçısı görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Görüş zamanı Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından da söhbət açılıb. Bununla da, Azərbaycan öz suverenliyini bərpa edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanır.

        Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Dövlətimizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır.

        Dövlətimizin başçsının İraq Prezidenti ilə görüşündə Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyub: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz”.

Bağış Mustafayev

Alar bələdiyyəsinin sədri

 

 


Digər xəbərlər

0.83275604248047