Səttar Möhbalıyev: “Bakıda keçirilən SPECA həftəsi iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa güclü təkan verəcək”

19:56 26-11-2023 | icon 845
Səttar Möhbalıyev: “Bakıda keçirilən SPECA həftəsi iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa güclü təkan verəcək”

“Artıq uzun illərdir Azərbaycan mövzusundan asılı olmayaraq, regional və
beynəlxalq əhəmiyyətli tədbirlərin, qlobal xarakterli müzakirələrin, dünyanı
narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də bəşəriyyətin taleyi ilə
bağlı vacib qərarların verildiyi mərkəzə çevrilib. Təbii ki, bu, ölkəmizdə bərqərar
olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi,
irəli sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti, güvənli
tərəfdaş statusunu qazanması, habelə dövlətimizin başçısı cənab İlham Əliyevin
şəxsi nüfuzu, dünyanın gələcəyi ilə bağlı dəyərli fikirləri, sülh və təhlükəsizliyə
verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə, o cümlədən beynəlxalq
idman yarışlarına belə Azərbaycan məharətlə, nümunəvi şəkildə ev sahibliyi edir
və bu dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur. İnamla səsləndirə
bilərik ki, Prezident İlham Əliyevin müəllifi olduğu müdrik və uzaqgörən siyasət
Azərbaycanı qlobal prosesləri yönəldən, dünya xalqlarının xoşbəxt gələcəyi
naminə ona müsbət istiqamət verən ölkələr sırasına yüksəldib”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Bu günlər daha bir əlamətdar tədbir - BMT-nin Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi paytaxtımızda təşkil
olunub. Həftə çərçivəsində baş tutan Ticarət və Gender və DİM-lər üzrə İşçi
Qruplarının iclasında, İqtisadi Forumda, Rəhbər Şuranın sessiyasında aparılan
müzakirələr, gəlinən qənaət, qəbul olunan qərarlar və imzalanan sənədlər, inanırıq
ki, Proqramın əhatə etdiyi ölkələrdə davamlı iqtisadi inkişafı təmin edəcək,
qarşılıqlı faydalı əməkdaşlığa güclü təkan verəcək. Dünən isə SPECA-nın 25-ci
ildönümünə həsr olunan Zirvə görüşü keçirildi, üzv ölkələrin prezidentləri və başqa yüksək səviyyəli rəsmiləri tədbirdə iştirak etdilər. Qısa olaraq qeyd edim ki, regionun əsas aparıcı ölkəsi olan Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün son
dərəcə əhəmiyyətli tərəfdaşdır və bu ölkələrin iqtisadi inkişafına mühüm töhfələr
verir. Bildiyimiz kimi, həmin ölkələrin Avropaya çıxışı tranzit imkanları geniş olan
Azərbaycansız, ümumiyyətlə, mümkün deyil. Bu istiqamətdə Transxəzər
Beynəlxalq Nəqliyyat Dəhlizini qeyd etmək istərdim. Səmərəli fəaliyyətinə
ölkəmizin mühüm töhfələr verdiyi Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən qısa
və əlverişli yol olmaqla qlobal ticarətdə kifayət qədər faydalıdır. Azərbaycan
Dəhlizin uğurlu fəaliyyəti üçün üzərinə düşən işləri nümunəvi şəkildə yerinə
yetirir, bu istiqamətdə yükdaşımaların həcminin artırılması istiqamətində səylə
çalışır”, - Milli Məclisin deputatı bildirib.
“Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev
ölkəmizin uğurlu iqtisadi göstəricilərini, Cənubi Qafqazda yaratdığı reallıqları və
dəyişməz mövqeyini iştirakçıların diqqətinə çatdırdı. Səslənən rəqəmlər bir daha
təsdiqləyir ki, ölkəmiz iqtisadi və digər sahələrdə davamlı inkişaf yolu tutub,
göstəricilər ildən-ilə yüksəlir. Ötən 20 ildə ümumi daxili məhsulun 4, büdcə
gəlirlərinin 30, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması dövlətimizin
uğurlu iqtisadi siyasətinin təzahürüdür. Həqiqətən də, qısa zaman kəsiyində bu
qədər nailiyyətlərin əldə olunması dünya ölkələri arasında az təsadüf edilən
təcrübədir. Bu illər ərzində dünyada ardıcıl iqtisadi böhranlar baş verib, acı
fəsadlara yol açan pandemiya dövrü yaşanıb. Amma düzgün müəyyənləşmiş və
həyata keçirilmiş iqtisadi strategiya Azərbaycanı bu böhranlardan təsirsiz
ötüşməyə imkan verib”, - AHİK sədri vurğulayıb.
Səttar Möhbalıyev əminliyini ifadə edib ki, Azərbaycanın ev sahibliyi etdiyi
bu Zirvə görüşü Proqrama üzv olan ölkələr arasında əməkdaşlığı dərinləşdirəcək,
iqtisadi münasibətlərdə yeni imkanlar açacaq.


Digər xəbərlər

0.26144790649414