Samir Nuriyev iclas keçirdi

21:28 28-11-2023 | icon 938
Samir Nuriyev iclas keçirdi

Noyabrın 28-də Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.

Samir Nuriyev iclası açaraq, Prezidentin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.

Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlət başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, əlaqələndirilmə və operativlik Qərargahın fəaliyyətinin əsas prinsipləri olub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində aparılan işlərə dair məruzə təqdim edilib.

Prezidentin xüsusi nümayəndələrinin iclasın gündəliyindəki məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib.

İclasın sonunda Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

 

 



Digər xəbərlər

0.22031784057617