Azərbaycanda əlverişli investisiya mühiti

12:44 29-11-2023 | icon 840
Azərbaycanda əlverişli investisiya mühiti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas
şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.
Sərmayənin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Hazırda bütün dünyada investisiyalar uğrunda ciddi
mübarizə gedir. Ayrı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli
üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa
Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər.
Azərbaycanın nümunəsində isə biz tamam fərqli mənzərənin şahidi oluruq. Son 20 ildə ölkəmiz, milli iqtisadiyyatımız
investisiya cəlbediciliyi baxımından hər hansı bir çətinliklə qarşılaşmayıbb və müxtəlif layihələrin maliyyə təminatı yüksək
səviyyədə öz həllini tapıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma
mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin investisiya cəlbediciliyinin yüksək olmasından
məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz
layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya
iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci
yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə
qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir”.
Hazırda dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması ölkəmizin
müsbət reallıqları ilə bağlıdır. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev respublikamızın investisiya
cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Son 20 ildə respublikamızın investisiya
cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və praktiki müstəvidə ardıcıl tədbirlərin görülməsi
deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların
səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə
inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes
mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”
təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Ölkəmizin
investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili
istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq
Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən starteji məqsədlərə
çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün
“Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa
investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin
tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb. Bu və digər islahat tədbirləri investorlarda ölkəmizdə
müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük inam yaradıb.
Son 20 ildə respublikamıza yönəldilən investisiyaların strukturunda həm daxili, həm də xarici investisiyaların həcmləri
böyük rəqəmlərlə ölçülür. Azərbaycan xarici və daxili sərmayələri cəlb etməklə özünün uğurlu inkişafını təmin edir.
Yüksəksəviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir.
Son 20 ildə paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı
infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.
Eyni zamanda, bu gün Azərbaycanla əməkdaşlıq etmək və milli iqtisadiyyatımıza sərmayələr yönəltmək istəyən ölkələrin
və transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bu sırada öncül yerləri tutan Türkiyənin, Rusiyanın, İranın, Böyük
Britaniyanın, İtaliyanın, Almaniyanın, ABŞ-ın və digər ölkələrin şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik.
Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür. Qeyd edək ki,
respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb. 2021-ci ilin aprelində
Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230
MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü
şəbəkəyə qoşulma müqaviləsi”nin imzalanması xarici investorların ölkəmizə böyük həcmlərdə investisiya yönəltməkdə
maraqlı olduqlarını əyani şəkildə təsdiqləyir. Respublikamız təxminən 200 milyon ABŞ dolları dəyərində günəş elektrik
stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpaolunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərinə daha bir addım
yaxınlaşıb.

Öz növbəsində, getdikcə iqtisadi və maliyyə imkanları genişlənən Azərbaycan da xarici ölkələrə investisiya qoyuluşunun
həcmini ildən-ilə artırır. Respublikamız qonşu Gürcüstanda , Türkiyədə, Rusiyada və digər ünvanlarda uğurlu investisiya
fəaliyyəti həyata keçirir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycana investisiya qoyuluşunun artması ölkəmizin müsbət reallıqları ilə bağlıdır.
İnvestorlar uzunmüddətli sabitlikdən, yüksəksəviyyəli infrastruktur təminatından bəhrələnməklə ölkəmizdə müxtəlif
sahələrə böyük həcmlərdə sərmayələr yönəltməyə böyük maraq göstərirlər. Burada əlbəttə ki, ölkəmizin güclü kadr
potensialına malik olması, nəqliyyat imkanları, müharibənin başa çatması və digər amillər də mühüm rol oynayır.
Respublikamızdakı sabitliyin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Ölkəmizdə mövcud olan sabitlik hər
bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə
qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və
qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir”.
Azərbaycan Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılmasında dünyanın ayrı-ayrı ölkələrindəki oxşar qurumların
müsbət təcrübəsindən bəhrələnməklə yeni yanaşma nümayiş etdirir. Belə ki, burada həm ölkəmizin regional inkişaf amili,
həm də investorların rahatlığının təmin edilməsi maksimum dərəcədə nəzərə alınıb. Məlumdur ki, Azərbaycanda bölgələrin
tarazlı inkişafına ciddi diqqət göstərilir. Bu baxımdan Azad İqtisadi Zonanın Ələt qəsəbəsində yaradılması çox yaxşı
seçimdir. İqtisadi zonada yaradılacaq istehsal və paylama şəbəkəsində yerli əhalinin məşğulluğunun təmin olunması üçün
yeni imkanlar yaranacaq. Paralel şəkildə xidmət şəbəkəsi genişlənəcək , bir sıra əlaqəli sahələr də inkişaf edəcək,
quruculuq-abadlıq işlərinə diqqət artacaq.
İnvestorların rahatlığının təmin olunması da azad iqtisadi zonaların uğurlu fəaliyyətini şərtləndirən çox mühüm amildir.
Ələt Azad İqtisadi Zonası bu baxımdan da bütün şərtləri yüksək səviyyədə təmin edəcək. Ələt Azad İqtisadi Zonasına
yatrım edəcək investorlar, eyni zamanda, mükəmməl infrastruktura malik iki transmilli nəqliyyat marşrutuna çıxış imkanı
qazanacaqlar. Bu, istehsalçı və paylama şirkətlərinin maraqlarının yüksək səviyyədə təmin olunması deməkdir. Ələt
qəsəbəsində yaradılan Azad İqtisadi Zonada fəaliyyət göstərəcək şirkətlər həm avtomobil, həm də dəmir yolu
nəqliyyatından istifadə edə biləcəklər. Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının funksionallığının təmin
olunması üçün geniş fəaliyyət planının olduğunu diqqətə çatdırıb. Dövlət başçımız deyib ki, Azad İqtisadi Zonanın
nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Yeni yaradılan
iqtisadi zonanın önəminə diqqət çəkən Prezident İlham Əliyev “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona
investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini
tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb
ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz
layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın
yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”, - deyə vurğulayıb.
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60
hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar
atılıb.
Dövlət başçımız qeyd etmişdir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini saxlayır, bəlkə
də, daha da artırır və xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti yönəldirlər. Dövlət investisiya xərcləri daha çox
infrastruktura — yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar və mədəniyyət, idman
obyektlərinin tikintisinə yönəldilir. Bank sektoru da bu il xüsusilə ilk növbədə real iqtisadiyyata o resursları verməlidir.
Özəl banklar öz maliyyə resurslarından istədiyi kimi istifadə edə bilər. Onların bəziləri daha çox ticarət əməliyyatlarına
üstünlük verir. Yəni, müəyyən ticarət əməliyyatlarının kreditləşməsi ilə məşğuldur. Bu, onların öz işidir, amma əgər dövlət
vəsaiti orada yerləşdirəcəksə, əlbəttə ki, burada çox ciddi nəzarət olmalıdır.
Göründüyü kimi, Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması, hakimiyyətin
reallaşdırdığı çevik və praqmatik iqtisadi siyasət öz müsbət nəticələrini verməkdədir. Dünyanın aparıcı təşkilatlarının
hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə ölkəmizin lider mövqeyə çıxdığı
göstərilir.
Hüseyn Buludov
Saatlı rayonu Sarıcalar kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.2441098690033