Hərbi qüdrətin nümayişi

17:17 08-12-2023 | icon 395
Hərbi qüdrətin nümayişi

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı
bö-yük Qələbəmizin nidası oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan parad
bu meydanda olmuş əvvəlki paradlardan fərqli idi. Çünki bu parad Vətən
müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış,
düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət
yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin
paradı idi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o
cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və
artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi
və katerlərin nümayişi oldu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan
hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın
etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev
adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda
iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət
və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini
yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun
birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya
Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının,
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının
hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan
Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin,
rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.
Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda
cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Zəfər paradında
Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü
düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir
döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun
hədəfinə çevrilərək metal parçasına döndülər. Zəfər paradı Azərbaycanın hərbi
gücünün növbəti nümayişi oldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə
ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza
qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini
layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı,
dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi.
2020-ci ildə baş tutmuş Zəfər paradımız beynəlxalq səviyyədə qəbul edilmiş
sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisi oldu. Biz, xalqımızın
qələbəsi ilə fəxr edirik. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət
sərhədində xidmət edir. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan
diplomatik qələbəmiz nəticəsində bu günlər vaxtilə doğma ocaqlarından didərgin
düşmüş soydaşlarımız indi doğma yurd-yuvalarına qayıdır.

Emil Şəmmədov,
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi


Digər xəbərlər

0.21966910362244