Xalqı birləşdirən Zəfər, əsgər andına sədaqət

17:18 08-12-2023 | icon 400
Xalqı birləşdirən Zəfər, əsgər andına sədaqət

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı.
Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il
həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu,
düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi,
qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Yaxşı xatirimizdədir, Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər gün yeni
şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri,
Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər
çalsın. 44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub.
Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi
hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz
qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.
2020-ci ilin dekabrında paytaxtımızın Azadlıq meydanında keçirilən, tariximizin
ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər
paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız
izləyib. Zəfər paradı son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla
həyata keçirildiyini göstərdi. Xalqımız əmin oldu ki, ən müasir döyüş imkanlarına
malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin
bütün mövqeyini anında məhv etməyə qadirdir.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən hərbçilərlə yanaşı, 150-dək
hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah
sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank
texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri,
pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern
texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama
malik bir quruma çevrilib. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara
əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı
və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edildi. Zəfər
paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün
məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.
Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi
əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən
sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli
Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza
minnətdarıq! Eşq olsun qeyrətli Vətən oğullarına!

Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.21845889091492