Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları qalib gəlir

10:13 11-12-2023 | icon 544
Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları qalib gəlir

       Azərbaycan tarixinin ən yeni dövrü Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.

        Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

        Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, kənd təsərrüfatı, mədəniyyət ən parlaq inkişaf dövrünü yaşamışdır.

         Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

       Bəli, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. O, xalqını böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik.

      Allah Ulu Öndərimizi rəhmət eləsin!

Cavanşir Həsənov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin

Heyvandarlıq sektorunun müdiri


Digər xəbərlər

0.2712550163269