Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin təcəssümü

10:15 11-12-2023 | icon 573
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin təcəssümü

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

        Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

       Keçən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Kövrək müstəqilliyin xilası. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu.     

       Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir. Müstəqilliyin ilk illərində Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.

       Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır və bu dövlətin bütün sahələrdə sarsılmaz təməl prinsiplərini müəyyən etmişdir.

         Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində ulu öndərimizin izi görünür. Məhz buna görə də dahi rəhbərimizə Yaradandan qəni-qəni rəhmət diləyirik. Ruhu bu günkü uğurlarımıza şad olsun!

 

Vüqar Mirzəyev,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.30982089042664