Qalib xalqın Qalib Prezidenti

11:20 11-12-2023 | icon 589
Qalib xalqın Qalib Prezidenti

İyirmi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun
və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz
seçimində yanılmadığını təsdiqlədi. Bu 20 ildə Prezident cənab İlham Əliyevin qətiyyətli
iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi
cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin
keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli
heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi,
həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq
mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.
Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır. Heç şübhəsiz ki, bu inkişafın
təməli də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından,
Azərbaycanı bir dövlət, bir xalq kimi Yer üzündən silinmək təhlükəsindən xilas
etməsindən sonra qoyuldu.
Ümummilli Liderimizin 1993-cü ilin ağır, həyacanlı günlərində Azərbaycan xalqının
təkidli tələbi nəticəsində ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın sabitlik,
inkişaf və tərəqqi mərhələsinə qədəm basıldı. Ulu Öndərin siyasi kursunu layiqincə
davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında
hakimiyyətə gəlişi ilə Azərbaycan öz inkişafının ikinci mərhələsini, intibah dövrünü
yaşamağa başladı.
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri
də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri
artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş
Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda,
Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin
rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs
bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş
qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı
bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa
vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla
keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin
bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.
Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir
beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya
məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda
mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz
siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama
sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan
tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə
rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə
müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də
Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü
anlayırlar.

Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib
Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət
başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə
dəstəkləyəcəkdir.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.28200721740723