Almaniyada kikboksinq üzrə “Heydər Əliyev Kuboku” keçirilib - Fotolar

18:51 11-12-2023 | icon 573
Almaniyada kikboksinq üzrə “Heydər Əliyev Kuboku” keçirilib - Fotolar

Almaniyanın Berlin şəhərində “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku”u keçirilib.

Milli Məclisin Gənclər və idman komitəsi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev də çıxış edib.

Vitse-spiker Adil Əliyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrə, xüsusilə də gənclər və idman sahəsinə göstərdiyi yüksək qayğıdan söz açıb, onun gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsində, idmanda kütləviliyin təmin olunmasında gördüyü işlərdən danışıb.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərindən bəhs edib, Ümummilli Liderin diaspora işinə böyük önəm verməsindən danışıb.

Dünya Kikboksinq Təşkilatları Assosasiyasının (“WAKO”) prezidenti Roy Baker Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməsi və keçirməsi barədə danışıb, Azərbaycan kikboksinqçilərinin mütəmadi olaraq göstərdiyi yüksək nəticələrə diqqət çəkib.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev ölkəmizdə idmana göstərilən qayğıdan söz açıb, “Heydər Əliyev Kuboku” barədə məlumat verib, yarış iştirakçılarına uğurlar diləyib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kubokda ölkəmizdən və dünyadan, Almaniyanın müxtəlif şəhər və bölgələrindən olan 1200-dən çox kikboksinqçi öz güclərini sınayıblar.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku”nda 7 peşəkar döyüş keçirilib. Azərbaycan milli yığma komandasının üzvləri Amin Quliyev (63.5 kq), Ruslan Musayev (69 kq), Qəşəm Məmmədov (75 kq), Anar Məmmədov (60 kq), Rauf Gərayzadə (81 kq) və Elxan Əliyev (75kq) xarici kikboksçuları üzərində parlaq qələbə əldə ediblər. İdmançılarımız “Wako Pro” kəmərləri qazanıblar.

 

 



Digər xəbərlər

0.22109007835388