Daxil Kərimov: "Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə yeni hədəfləri reallaşdıraraq öz qüdrətini daha da artıracaqdır"

10:00 25-04-2024 | icon 338
Daxil Kərimov:

"20 il ərzində müəyyən olunmuş  vəzifələri icra edən, qarşıya qoyulan hədəfləri reallaşdıran Prezident İlham Əliyev  artıq yeni dövrün yeni hədəflərini də müəyyən edib. Bu hədəflər cənab İlham Əliyevin seçki platformasında da öz əksini tapmışdır. 2024-2031-ci illərdə Böyük Qayıdışın təmin olunması, sosial-iqtisadi quruculuq, xarici siyasət, ordu quruculuğu, səhiyyə sahələrində inkişafın, təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, həmçinin ərazilərin minadan təmizlənməsinin davam etdirilməsi, xalqın sosial rifahının daha da yaxşılaşdırılması da qeyd olunan hədəflər sırasına daxildir".

Bu fikirləri saytımıza açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimov  söyləyib.

D.Kərimov bildirib ki, təhsildə innovaiv təşəbbüskarlığın artırılması, konkret nəticə verən elmlərin tətbiqinin daha da gücləndirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan sosial dövlət olduğu üçün, təbii ki, qarşıda duran hədəflərdə vətəndaşların əməkhaqqı, pensiya və təqaüdlərinin artırılması nəzərdə tutulur. Bundan sonra xalqımızın sosial həyat səviyyəsi daha da yüksələcək:

"Dövlətin qarşısında duran yeni hədəflərdən danışarkən ordu quruculuğu məsələsini də xüsusi qeyd etmək lazımdır. Bildiyiniz kimi, hərbi qulluqçuların sosial həyat səviyyəsinin daha da yüksəldilməsi, ordunun müasir standartlara, yüksək texnologiyalara əsaslanan silah-sursatla təmin olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bütün bunlar isə ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirmək üçün lazımdır.

Əsas hədəflərdən biri də budur ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası bərqərar olunsun. Cənubi Qafqazın problemlərini region dövlətləri həll etməlidir. Bunun yeganə yolu isə sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan Prezidenti 2021-ci ildə artıq bu təşəbbüslə çıxış edib. Lakin məsələ ilə bağlı bu günədək Ermənistandan konkret bir cavab ala bilməmişik. Ermənistan bu və ya digər dövlətlərin, eyni zamanda, daxildə olan revanşist qüvvələrin təsiri altında sülh prosesini uzadır. Yalnız ziddiyyətli bəyanatlar verməklə bu məsələnin həlli mümkünsüzdür. Logistika məsələlərində isə qarşı tərəf ümumiyyətlə heç bir addım atmır. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Amma Ermənistanın bu siyasətinin perspektivi yoxdur. Onların tək çarəsi  Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.

Bütövlükdə, yeni mərhələdə Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi ilə yeni hədəfləri reallaşdıraraq öz qüdrətini daha da artıracaqdır".


Digər xəbərlər

0.23632884025574