Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

16:21 12-12-2023 | icon 442
Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də  Serbiyadır. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin davamlı inkişafının təsdiqidir.

     Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə reallaşan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Onu da qeyd edək ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan , hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılması mümkün deyil.

     Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycanın 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini və s. bildirdi.
    Ölkə Prezident çıxışında Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.

     Bolqarıstan Prezidenti cənab Rumen Radevin “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır.” fikirləri də maraq doğurdu.
Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi də, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da tarixi hadisə oldu.

Elnur Qəniyev,

Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi  dairəsi üzrə nümayəndənin müavini


Digər xəbərlər

0.27488994598389