Azərbaycanın enerji potensialının beynəlxalq etirafı

11:57 13-12-2023 | icon 304
Azərbaycanın enerji potensialının beynəlxalq etirafı

Dekabrın 10-da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən
mühüm bir tədbir baş tutmuşdur. Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan
Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Serbiya Prezidenti Aleksandr Vuçiç və Bolqarıstan Prezidenti Rumen
Radev iştirak etdilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişafında daha
maraqlı olan ölkələrdən biri kimi Serbiyanı göstərmək olar. Ölkələrimiz arasında
möhkəm əlaqələrin inkişafına təkan verən ən mühüm amillərdən biri də Belqradın
Azərbaycanın Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır.
Azərbaycan Respublikasının enerji strategiyası bütövlükdə tam uğurla icra edilir.
Bununla bağlı Azərbaycan Respublikasının genişmiqyaslı planları vardır. Ölkəmiz
tərəfindən bir başa irəli sürülərək icra edilən böyük layihələr Avropanın, Asiyanın və
Avrasiyanın enerji xəritəsini əhəmiyyətli dərəcədə yenidən tərtib etmişdir.
Böyük strateji əhəmiyyətə malik neft kəmərləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa bu
gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarları ilə əlaqələndirir. 3500
kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi - nəhəng infrastruktur layihəsidir və
hal-hazırda Avropanın əsas enerji təhlükəsizliyinə çox böyük töhfə verməkdədir. Buna
əsasən də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz
təchizatçısı kimi tanıyır.
Bu günlərdə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə
keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu
öndər Heydər Əliyev tərəfindən təməli qoyulan böyük enerji siyasətinin davamıdır.
Hal-hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi günü-gündən güclənir və
qlobal hal alır. Atmosferimizə atılan zərərli tullantıların azaldılması və “yaşıl enerji” ilə
əvəz olunması dünya gündəliyinin daha vacib məsələlərindən birinə çevrilmişdir.
Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Bütün bunlar Azərbaycanın əməkdaşlığa çox böyük önəm verməsindən, daima ixrac
coğrafiyasının genişlənməsi üçün təşəbbüskar çıxışlar etməsindən irəli gəlir.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə etibarlı əməkdaşlıq məkanı kimi nüfuz
qazanması atılan real addımlara əsaslanır.

Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


Digər xəbərlər

0.26023316383362