AHİK-in növbədənkənar VI Qurultayı keçirilib

23:44 20-12-2023 | icon 330
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib

Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
növbədənkənar VI Qurultayı keçirilib.
Qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu
Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül
dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və
tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI Qurultayı başlayıb.
AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa
Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri
Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar
Möhbalıyev iştirakçıları salamlayıb və Qurultayı açıq elan edib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı
komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
Qurultayın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə
namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü
illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi”
barədə məsələlər daxil edilib.
Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci
məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin
dəstəklənməsi” ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib.
Bildirib ki, həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-
iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının
qorunmasıdır. Və bu işlərin səmərəli həyata keçirilməsi ölkədəki stabilliklə, hakimiyyətdə demokratik və peşəkar qüvvələrin təmsil olunması ilə sıx bağlıdır: “Konfederasiya yarandığı vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qeyri- qanuni addımlar atıldığı çoxumuza məlumdur. Bütün bunlara Ulu Öndər Heydər Əliyev
hakimiyyətə gəlməsi ilə son qoyuldu. Digər təsisatlar kimi, həmkarlar ittifaqlarının
hüquqları beynəlxalq normalara uyğun bərpa olundu, sosial tərəfdaşlıq institutları
formalaşmağa başladı. Bu siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam
etdirir. Odur ki, 2003-cü ildən başlayaraq bütün Prezident seçkilərində həmkarlar
ittifaqlarının vahid namizədi İlham Əliyev cənabları olub”.
“Əminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident
seçkilərində həmişə olduğu kimi, demokratiya zəfər çalacaq, çünki Azərbaycan cəmiyyəti
sivil və kamildir, vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Xalqımız
sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, hakimiyyəti
sınanmış və etibarlı əllərdə saxlayacaq”, - deyən Səttar Möhbalıyev son 20 ildə ölkəmizin
iqtisadi uğurlarından danışıb və statistik rəqəmləri səsləndirib: “Ölkə iqtisadiyyatına 310
milyard dollar həcmində sərmayə qoyulub. Yoxsulluğun səviyyəsi 5,5 faizə enib. Dövlət
büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə,
orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa
görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə
pensiya isə 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard
manata çatıb, ünvanlı sosial yardımın orta məbləği isə 11 dəfə artıb”.
Onun sözlərinə görə, Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı: “O, əsl
sərkərdə kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Hazırda müqəddəs Bayrağımız
əzəli və əbədi torpaqlarımızda - qeyrət qalamız Şuşada, namus tacımız Xocalıda,
Hadrutda, Xankəndidə, Ağdərədə əzəmətlə dalğalanır. Hazırda Şərqi Zəngəzurda və
Qarabağda aparılan tikinti-quruculuq işləri uğurla davam etdirilir. Həm yurd yerlərimiz
yenidən qurulur, həm də keçmiş məcburi köçkünlər, demək olar, hər gün doğma el-
obalarına qayıdırlar”.

Səttar Möhbalıyev fikrinin davam etdirərək həmkarlar ittifaqlarının ötən 20 ildə
qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd
edib: “Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi
deməkdir. Bütün bu xidmətlərə görə, Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin
hörmətini və sevgisini qazanıb. Odur ki, Konfederasiyada birləşən 1,5 milyon həmkarlar
ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi
qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə
namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər.
Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının
uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük”.
Sonra çıxış edən AHİK-ə üzv təşkilatların sədrləri İlham Əliyev cənablarının
ölkəmizə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini
bildiriblər.
Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub və İlham Heydər oğlu
Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı
AHİK-in Bəyanatı oxunub.
Gündəlikdəki “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti” ilə bağlı çıxış edən
AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2018-2023-cü illərdə həmkarlar ittifaqı
üzvlərinin müalicə və istirahətlərinin təşkilinə 154 658 000 manat vəsait xərclənib ki,
bunun hesabına da 391 836 nəfər müalicə alıb və istirahət edib: “AHİK tərəfindən 2015-
ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və indiyədək 27 sahə həmkarlar ittifaqı
təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi
nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb. Eyni zamanda 700 nəfər tələbəyə 300
000 manata yaxın adlı təqaüd verilib, 180 nəfərə yaxın tələbənin təhsil haqqı ödənilib.
Bundan əlavə, hər il 230 nəfər tələbənin qidalanma xərcləri ödənilir”.
“Ötən 5 il ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət
qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib.
Pandemiya dövründə koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən
həyata keçirilən tədbirlərə dəstək məqsədilə 20 milyon manatadək vəsait xərclənib. Vətən

müharibəsi və ondan sonrakı dövrdə Konfederasiya başda olmaqla üzv təşkilatlar və
onların xidmətində olan həmkarlar ittifaqı təşkilatları qəbul olunmuş qərarlarla
Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna 1 041 890 manat, Silahlı Qüvvələrə və
cəbhə bölgəsinə 2 329 954 manat, şəhid və qazi ailələrinə 4 700 000 manat maddi yardım
göstərib. Həmçinin 4 000 nəfərdən artıq şəhid ailəsi və Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsi zamanı əlil olmuş şəxslərin sanatoriya kurort müalicəsini təmin edilib. Bununla
yanaşı, 51 915 şəhid, qazi və aztəminatlı ailələrə 4 840 000 manat dəyərində ərzaq
yardımları göndərilib, “Yaşat” və “Dirçəliş” fondlarının hesabına ümumilikdə 1 921 046
manat vəsait köçürülüb”, - Səttar Möhbalıyev əlavə edib.
Onun sözlərinə görə, AHİK-in rəhbərliyi üzvü olduğu Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar
İttifaqları Konfederasiysının və yeni yaradılmış Türk Dövlətləri Həmkarlar İttifaqları
Təşkilatının rəsmi şəxsləri arasında yer alırlar. Və AHİK hazırda dünyanın 70 milli
mərkəzi ilə əlaqələr quraraq əməkdaşlıq edir.
Həmçinin bildirib ki, 2018-2023-cü illərdə işçilərin əmək hüquqlarının pozulması
ilə bağlı həmkarlar ittifaqının hüquq müfəttişləri tərəfindən məhkəmələrə 79 iddia ərizəsi
ilə müraciət edilib: “Onlardan 63 iddia tələbi işə bərpa ilə əlaqədar olub, tələblərin hamısı
məhkəmələr tərəfindən təmin edilib. Bu müddət ərzində AHİK-ə və üzv təşkilatlara daxil
olan 739 480 ərizə-şikayət araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatlara daxil
olmuş ərizələrin 99,5 %-i müsbət həllini tapıb. Bu dövrdə AHİK tərəfindən həmkarlar
ittifaqı üzvlərinə 600 000 manat maddi yardım göstərilib. Həmçinin 20 Yanvar
şəhidlərinin ailələrinə bu dövrdə 141 600 manat yardım verilib. Hər il təqribən 120-dən
çox sahə sazişi, 11 500-dən çox kollektiv müqavilə bağlanılır”.
“2018-2022-ci illər ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri 1761
müəssisə və təşkilatda ictimai müayinə işi aparıb 7 337 pozuntu aşkar ediblər. Onların 90
%-nin aradan qaldırılmasına nail olunub. Nəticədə 739 texnoloji avadanlıq və dəzgah
təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 6 700 nəfərin iş şəraiti
yaxşılaşdırılıb. Həmçinin hər il Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində
tədbirlər və “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisə

(təşkilatı)” adı uğrunda müsabiqə keçirilir. Tədbirlərin keçirilməsində əsas məqsədimiz
işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı, eyni zamanda bu
sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq, işəgötürənlərin əməyin mühafizəsi
məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır”, - Milli Məclisin deputatı qeyd
edib.
AHİK-in 2018-2023-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında
çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub və qərar səsçoxluğu qəbul olunub. Eləcə
də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyularaq təsdiqlənib.
Gündəlikdəki “AHİK sədrinin seçilməsi” barədə məsələ ilə bağlı çıxışlarda sədr
vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb. Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının,
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları
Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev
açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri seçilib.
Səttar Möhbalıyev ona etimad göstərən Qurultay iştirakçılarına təşəkkür edib,
bundan sonra da Azərbaycan həmkarlar ittifaqının inkişafı, üzvlərinin əmək hüquqlarının
qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili
və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.
AHİK sədri həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevi qarşıdan gələn Ad
Günü münasibətilə təbrik edib, Azərbaycanın parlaq gələcəyi naminə peşəkar
fəaliyyətində uğurlar arzulayıb. Habelə Səttar Möhbalıyev xalqımızı Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Bununla da AHİK-in VI Qurultayı işini başa çatdırıb.


Digər xəbərlər

0.20428800582886