Ürəyin var olsun, Gülüş həkim...

23:58 20-12-2023 | icon 665
Ürəyin var olsun, Gülüş həkim...

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Gülüş həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Ona üz tutanların sayı kifayət qədər çoxdur. Əlbəttə, bunun ilk səbəbi onun yaxşı həkim, öz işinin peşəkarı olmasıdır. İlin-günün hansı vaxtı onun qəbuluna üz tutsan, həmişə tünlük görərsən. Yəqin ki, bunun bir səbəbi də canda olan, insanı narahat edən, bəzən onu az qala çarmıxa çəkən ağrı-acılardır.
Nə vaxtsa oxuduğum misralar yadıma düşür:
Ömür itirəndə təravətini,
O zaman bildirir öz qiymətini…
Düzmü deyir şair? Doğrudur, ömür həmişə qiymətlidir, ancaq ağrı-acı insanı əldən salanda, hansısa dərdə mübtəla olanda, qocalıq hökmünü verəndə onun gözəlliyi, əvəzsizliyi daha çox özünü büruzə verir. Təbii ki, belə halda hamının üz tutduğu, imdad gözlədiyi yeganə bir ünvan var ki, o da xeyirxah peşə sahibi olan həkimlərdir. Xəstələrin böyük ümidlərlə pənah apardıqları belə xeyirxahlardan biri də Qazax Rayon Mərkəzi Xəstəxanasının həkim terapevt Gülüş Məmmədovadır.
Başqasının ağrı və narahatlığını hiss etmək, başqasının dərdinə şərik olmaq həkimləri digər peşə sahiblərindən fərqləndirən başlıca xüsusiyyətlərdən biridir. Şəfa tapmaq, sağlam həyat yaşamaq arzusu ilə sənə üz tutan xəstələrlə səmimi olmaq, onları inandırmaq da başlıca məsələlərdən biridir. Təsadüfi deyil ki, onun ən yüksək dəyər verdiyi keyfiyyət səmimilikdir. “Mənə elə gəlir ki, səmimilik insana bəxş edilən ilahi bir nemətdir. Təhsil alıb, oxuyub, çalışıb hansısa ixtisasa, peşəyə yiyələnmək olar, amma səmimi olmaq mümkün deyil”. “Dünya insan üçün qaranlıq gecədir. Burada öz işığını hər kəs özü tapmalıdır” deyənlər heç də yanılmayıblar. Ona görə ki, insanın tapıb yandırdığı işıq həmişə gur və sönməz olur. Həm də bu işığın şöləsindən başqalarına da pay düşür.Gülüş xanıma dünyanın qaranlığında öz işığını tapıb yandıran və onun keşiyində duran həkimlərdən biridir. O, xəstəni çox vaxt üzündən oxuyur. Qəbula gələn xəstələrin diaqnozunu çox vaxt onun simasından, danışdıqları əsasında qoyur. Gülüş xanıma müraciət edənlər arasında hər cür xəstə var: təmkinlisi də var, səbirsizi, hövsələsizi, anlayanı da... Lakin xəstənin hansı təbiətə, xasiyyətə malik olmasından asılı olmayaraq onların hamısı ilə dil tapır. Hətta ən “çətin” xəstələr də onu əsəbiləşdirmir, təmkinlə, səbirlə onları dinləyir, qulaq asır və məsləhət verir. Bu, həkimdən çox böyük dözüm və səbir, ilk növbədə peşəkarlıq tələb edir. O, xəstələri çox diqqətlə dinləyir, onlara qulaq asır və qərarını verir. Görünür ona görə ki, Gülüş xanım xəstə orqanizminə sadəcə həkim terapevt kimi müdaxilə etmir, həm də onun ürəyini oxuyur. Böyük, həssas və duyğusal ürəyi olmayan həkim isə bunu edə bilməz. Ürəyin var olsun, Gülüş həkim...


Fəridə Adolfathi


Digər xəbərlər

0.261479139328