Xankəndidə tarixi oyun

09:56 21-12-2023 | icon 353
Xankəndidə tarixi oyun

Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.

 

Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.

 

Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olacaq. 

 

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.

 

2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.

 

Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir. 

 

Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar da quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılıb.


Digər xəbərlər

0.22732305526733