Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”

18:57 22-12-2023 | icon 299
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”

“Dövlətə rəhbərlik edən şəxsin fəaliyyətinin effekti peşəkarlıq, səriştə,
siyasi bacarıqla yanaşı, həm də onun məqsədindən birbaşa asılıdır. Əgər
məqsədin mərkəzindən xalq dayanırsa, sözsüz ki, uğurlar ard-arda gələr. Məhz
Azərbaycanın bugünkü nailiyyətlərinin kökündə Prezident İlham Əliyevin
xalqına olan dərin məhəbbəti və vətəndaşlarının xoşbəxtliyini, dövlətimizin
inkişafını özünün amalı hesab etməsi durur. O, ilk dəfə prezident seçildiyi
gündən xalq içərisində oldu. Əsasən regionlara etdiyi səfərlərdə sakinlərlə
görüşür, səmimi söhbətlər edir, təkliflərini dinləyir, eləcə də dövlətimizin
inkişafı naminə görülmüş və görüləcək işlərdən danışır. Həmçinin hansısa
müəssisəyə, zavoda, fabrikə baş çəkirsə, açılış mərasimində iştirak edirsə,
mütləq işçilərlə də söhbətləşir, iş şəraiti ilə maraqlanır. Məmurları vəzifəyə təyin
edərkən xalqa xidməti onların qarşısında ali məqsəd kimi qoyur. Odur ki,
Prezident İlham Əliyev xalqımızın böyük sevgisini və tükənməz dəstəyini
qazanıb. Bunun bariz nümunəsi 2003-cü ildə seçicilərin 76 faizindən çoxunun,
2008-ci ildə 88,73, 2013-cü ildə 84,54, 2018-ci ildə isə 86,02 faizinin cənab
İlham Əliyevə səs verməsi və yüksək etimad göstərməsidir. Prezidentimiz ona
olan etimadları hər zaman xalqımızın və dövlətimizin həyatında gördüyü
misilsiz işlər, verdiyi vacib qərarlar və atdığı real addımlarla layiqincə
doğruldur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan dövlətinin keçdiyi yola nəzər
saldıqda bütün sahələrdə inkişaf, tərəqqi görürük: “Bu gün dünyanın ən inkişaf
etmiş dövlətlərin tarixi də göstərir ki, hətta onların iki yüz ildə getdiyi yolu,
qazandıqlarını Azərbaycan iyirmi ildə əldə edib. Bu, təbii ki, Ulu Öndər Heydər
Əliyevin müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasının mükəmməliyindən və onun layiqli tətbiqindən irəli gəlir. İlham Əliyev cənablarının mütərəqqi, milli məqsədlərə xidmət edən fəaliyyəti iqtisadi
cəhətdən güclü və müstəqil, əmin-amanlığın, sabitliyin dərin kök saldığı,
regionun mərkəzi və qlobal mövqeləri yüksək olan Azərbaycanı ortaya qoydu.
Axırıncı 20 ilin statistikasına baxarkən ancaq yüksəliş, inkişaf görürük. Bu illər
ərzində dünyada dəfələrlə müxtəlif sahələrdə böhranlar yaşanıb, dünya
iqtisadiyyatına mənfi təsir edən, ağır fəsadlar törədən qanlı müharibələr baş
verib. Amma bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dönməz xarakter
alıb, davamlı olaraq inkişaf edib. Məsələn, dövlət büdcəsinin xərcləri 30 dəfə
artıb, əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az
idisə, bu gün bu rəqəm 3500 manatdan artıqdır. Sosial müdafiə xərclərinə
gəldikdə isə bu sahədə artım 20 dəfədən çoxdur. Həmçinin 2003-cü illə
müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə qədər enib,
orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Rəqəmlərdən də
aydın olur ki, dövlətimiz vətəndaşlarının sosial rifahının yüksəldilməsi
istiqamətində sistemli və ardıcıl addımlar atıb. Bu, nailiyyətlər Prezident İlham
Əliyevin tamamilə müstəqil siyasətinin, həyata keçirdiyi davamlı sosial-iqtisadi
islahatların və beynəlxalq səviyyəli layihələrinin nəticəsidir. Sürətli inkişaf
tempi bir daha əmin edir ki, istənilən iqtisadi böhrana sinə gərən Azərbaycan
iqtisadiyyatı qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək”.
AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin müəllifi olduğu
demokratik islahatlar ölkə həyatının hər bir sahəsinə sirayət edib: “Bu gün
Azərbaycanda demokratiyanın bütün prinsipləri təzahür edir. İnsanların hüquq
və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həmçinin Azərbaycan sabit
ölkədir, əmin-amanlıqdır, vətəndaşlarımız arasında möhkəm həmrəylik var.
Burada bütün dinlərin və xalqların nümayəndələri sərbəst və rahat şəkildə
yaşayırlar. Azərbaycan hazırda dünyada tolerantlıq və multikulturalizmin
nümunəvi ölkəsi olaraq özünü təsdiqləyib”.

“Prezident İlham Əliyevin yüksək dəqiqliklə həyata keçirdiyi xarici siyasət
kursu Azərbaycanı dünya ölkələri arasında böyük söz sahibinə çevirib,
beynəlxalq mövqelərini möhkəmləndirib. Mövzusundan asılı olmayaraq,
regional və beynəlxalq platformalarda aparılan müzakirələrə Azərbaycan dəvət
olunur və Prezidentimizin rəy və təklifləri dinlənir, çıxışları dünya ictimaiyyəti
tərəfindən maraqla izlənilir. Bu ölkəmizin dünyada yerini və cənab İlham
Əliyevin şəxsi nüfuzunu göstərir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil
olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi
Prezidentimizin uğurlu xarici siyasətinin göstəriciləridir. Həmçinin ölkələr
arasında sülhü və əməkdaşlığı təbliğ edən Prezidentimizin qlobala təşəbbüsləri
beynəlxalq təşkilatların gündəliyinə salınır. “Birləşmiş Millətlər Təşkilatı və
İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi”
mövzusunda iclas təşkil olunması dövlətimizin başçısı cənab İlham Əliyevin
təşəbbüsü ilə reallaşıb. Eləcə də Qoşulmama Hərəkatının sədri olaraq
Azərbaycan 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinə,
“COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin BMT-də qəbul
olunmasına nail olub”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev qeyd edib ki, uzun illər torpaqlarımızın işğal altında
qalması, müharibə şəraitində yaşamağımız Ordu quruculuğunu dövlət
siyasətinin prioriteti istiqamətinə çevirmişdi: “Bu sahədə aparılan sistemli
islahatlar, planlı və davamlı şəkildə atılmış addımlar Azərbaycan Ordusunu
dünyanın ən güclü 50 ordusu sırasına çıxartdı. Parlaq Qələbəmizlə başa çatan 44
günlük Vətən müharibəsi Ordumuzun gücünü və qüdrətini bütün dünyaya
göstərdi. Qısa müddət ərzində işğala son qoydu, torpaqlarımızı düşməndən
təmizlədi. Bu, Prezident İlham Əliyevin Ordu quruculuğu siyasətinin məntiqi
nəticəsidir. Həmçinin Şərqi Zəngəzurun və Qarabağın azad olunması Prezidentimizin fəaliyyətinin şah əsəridir. Bu, tarixin axarının dəyişməsi, bölgədə siyasi oyunlara son qoyulması, 200 illik işğal siyasətinin dəfn edilməsi,
dövlətlərin təhlükəsizliyinə təhdid yaradan separatizmə tutarlı cavabın verilməsi
və yeni reallıqların yaradılmasıdır. Bunu Prezident İlham Əliyev həm güclü
diplomat, həm də böyük sərkərdə olaraq yüksək məharətlə bacardı. Bu ilin
sentyabr ayında Odumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri ilə
ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi təmin edildi. Hazırda həm
Şərqi Zəngəzur, həm də Qarabağ müasir üslubda yenidən dirçəlir. Artıq
sakinlərin məskunlaşdığı Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Tikinti-quruculuq işləri planlı və sürətli şəkildə həyata keçirilir. Füzuli
Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikildi, həmçinin Zəngilan
Beynəlxalq Hava Limanının açılış olub. Laçında da Beynəlxalq Hava Limanı
tikilir. Bütün bunlar bölgənin gələcək inkişafından xəbər verir”.
“Son 20 ildə Azərbaycanın getdiyi yol xalqımızın uğur salnaməsidir,
müəyyən olunmuş bütün hədəflərə nail olmuşuq. Bu illər ərzində Prezident
İlham Əliyev böyük müəssisələrin, infrastruktur layihələrinin açılışlarını etdi,
bütün ölkə ərazisində abadlıq-quruculuq işləri apararaq Azərbaycana yeni
görkəm gətirdi. Xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer aldı.
Tariximizin ən böyük səhifəsi - Qarabağ dastanı yazıldı. Cənab İlham Əliyev
müdrik rəhbərliyi ilə xalqımızın başını dik, Bayrağını uca etdi. Bir xalq olaraq
Xankəndidə dalğalanan Bayrağımızı, orada keçirilən Zəfər paradını görmək bizə
nəsib oldu”, - Səttar Möhbalıyev vurğulayıb.
“Dekabrın 21-də növbəti tarixi bir gün yaşadıq - futbol üzrə Azərbaycan
Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK
komandaları arasında oyun Xankəndi stadionunda baş tutdu. Şərqi Zəngəzuru
və Qarabağı işğaldan azad edən Baş Sərkərdə və həmin ərazilərdə aparılan
quruculuq işlərinin Baş Memarı cənab İlham Əliyev də bu tarixi və möhtəşəm
matçı stadiondan izlədi, oyunun açılışını etdi. Bu mənzərəni gördükcə çox
qürurlandıq, ürəyimiz fərəhlə doldu. Yuxarıda qeyd etdiyim kimi, yenə də Prezidentimiz xalq içərisində idi, ətrafında həmişə adlarını uca tutduğumuzqəhrəman şəhidlərimizin övladları var idi. Bu, bir daha onu sübut edir ki, dövlətimiz və onun Lideri hər zaman şəhid ailəsinin və övladının yanındadır”, - Konfederasiya sədri söyləyib.
AHİK sədri əlavə edib ki, qarşıda - gələn il fevralın 7-də bizi seçki
bayramı gözləyir: “Qalib xalq və qürurlu vətəndaş olaraq Zəfər seçkisinə
gedəcəyik. Təbii ki, biz bir vətəndaş olaraq Azərbaycanın inkişafına, parlaq və
işıqlı gələcəyinə səs verəcəyik. Namizədimiz isə sınanmış, etibarlı və qətiyyətli
Lider, Azərbaycanımızı zirvələrdən zirvələrə daşımış, xalqımızı xoşbəxt və
firavan həyata qovuşdurmuş cənab İlham Əliyevdir. Əminik ki, Vətənimizin
daha işıqlı sabahları, xalqımızın xoş və gözəl günləri hələ qarşıdadır. Bizi
Qarabağın və Şərqi Zəngəzurun tam bərpası, sakinlərin hamısının öz
yurdlarında yerləşdirilməsi, iqtisadiyyatımızın, qeyri-neft sektorunun daha
dinamik inkişafı, bərpaolunan enerjiyə keçid və s. bu kimi böyük uğurlar
gözləyir. Biz bu hədəflərə cənab İlham Əliyevin rəhbərliyi ilə rahat şəkildə
çatacağıq”.


Digər xəbərlər

0.24581789970398