Adil Əliyev: Xankəndidə keçirilən matç “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə Azərbaycanın ən təsirli mesajı oldu

13:22 23-12-2023 | icon 222
Adil Əliyev: Xankəndidə keçirilən matç “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə Azərbaycanın ən təsirli mesajı oldu

Üç ay bundan əvvəl işğaldan azad edilmiş Xankəndi şəhərinin mərkəzində noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Zəfər paradı keçirildi. Məhz qalib Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpasının və suverenliyinin bərqərar edilməsinin əyani təcəssümü olan parad ölkəmizin qüdrətini bütün dünyaya bir daha göstərdi. Dünən – dekabrın 21-də gözlər yenidən Xankəndi şəhərində idi. Müxtəlif şəhər və rayonlarımızdan vətəndaşlarımız futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən futbol matçını izləmək məqsədilə Xankəndidə idilər. Stadionda izdiham yaşanırdı və son onilliklər ərzində ilk dəfə olaraq özümüzü bu şəhərdə bu qədər sərbəst və təhlükəsiz hiss edirdik.

Bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib: “Təbii ki, bu, adi bir futbol matçı deyildi. Tədbiri daha da möhtəşəm edən nüanslardan birincisi açılış oyununda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı idi. Dövlətimizin başçısı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Xankəndi stadionunda keçirilən oyunu izləyirdi. Hər zaman olduğu kimi, bu dəfə də şəhid ailələri və qazilər dövlətimizin başçısının diqqətindən kənarda qalmamışdı. Məhz şəhid övladlarının Prezidentlə və birinci xanımla birlikdə oturması, səmimi söhbətləri, isti münasibətləri matçı daha möhtəşəm edirdi.

Qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşünü uğurla tamamlayıb bizə tarixi Qələbə bəxş ediblər. Bu il sentyabrın 19-20-də keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuz düşməni məğlub edərək, ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar etdi. Bu gün şanlı Bayrağımızın işğaldan azad olunmuş ərazilərdə böyük məğrurluqla dalğalanması hər bir azərbaycanlının qürurudur”.

Dünən dövlətimizin başçısının çıxışında Qarabağ–Ordu-Xalq birliyinin Zəfərimizin sütununu təşkil etdiyini bir daha vurğuladığını söyləyən Milli Məclis sədrinin müavini deyib ki, tarixi Qələbəmiz xalqımızın dövlət başçısının ətrafındakı sıx birliyinin, Prezidentin qətiyyətinin və müdrik siyasətinin məntiqi nəticəsi və təcəssümüdür. Nəticə etibarilə futbol matçının Xankəndi şəhər stadionunda keçirilməsi bir neçə mühüm əlamətdar hadisəni özündə birləşdirir.

Birincisi, Xankəndi qədim yurdumuzdur və şəhərin əsası məhz Qarabağ xanı tərəfindən qoyulub. Sonradan ölkəmizin vəsaiti və imkanları hesabına bu ərazidə şəhər salınıb.

İkincisi, son 30 ildə Xankəndi erməni separatizminin mərkəzi olub və yaradılmış qondarma rejim bu şəhərdə fəaliyyət göstərib. Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri ilə qondarma rejim birdəfəlik ləğv olunub, əlləri həmvətənlərimizin qanına batmış rejimin başçıları hazırda hüquq-mühafizə orqanlarımız qarşısında cavab verirlər.

Üçüncüsü, Xankəndi şəhəri stadionunda cəmi 4 il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə bu gün həmin stadionda ölkəmizin futbol oyununu təşkil etməsi Azərbaycanın verdiyi ən təsirli mesaj idi. Stadion vaxtilə özündə separatçı rejimin simvollarını daşıyıb. Lakin indi həmin simvollar rejimlə birlikdə tarixin ən qaranlıq səhifələrinə qovuşub. Stadion iki aya kimi qısa müddət ərzində təmir olunaraq istifadəyə verilib və möhtəşəm tədbirlərə ev sahibliyi etməyə başlayıb.

“Xankəndi şəhərində keçirilən futbol matçı Azərbaycanın gücünün nümayişi ilə bərabər, həm də ölkəmizin dünyada idman ölkəsi olaraq tanındığını bir daha göstərdi.

Təbii ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” stadionunun yenidən inşa olunacağı xəbəri bütün idman ictimaiyyətini sevindirdi.

Uzun illər sonra Azərbaycan xalqı öz yurdlarına geri dönür, Böyük Qayıdış Konsepsiyası ilə Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Tam əminliklə söyləyə bilərik ki, şanlı Azərbaycan Bayrağı Vətən səmalarında bundan sonra hər zaman böyük məğrurluqla dalğalanacaqdır”, - deyə Adil Əliyev vurğulayıb.


Digər xəbərlər

0.33164000511169