Biz də sizinləyik! - FOTOLAR

19:52 25-12-2023 | icon 680
Biz də sizinləyik! - FOTOLAR

2023-cü il yavaş-yavaş finala doğru gedir. Amma Azərbaycan Dövlət Akademik Musiqili Teatrı qeyri-adi layihələriylə ölkə mədəniyyətinə öz töhfəsini verməkdədi. Belə ki, adı çəkilən teatrda ötən həftənin 3 günü ərzində (19, 20, 21 dekabr) Sovet, Rusiya və Azərbatcanın teatr və kino sahələrində rejissorluq edən, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, Rusiya Federasiyasını Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Yuliy Qusmanın 80 illik yubileyinə həsr edilmiş "Qorxma, biz səninləyik" tamaşasının premyerası və ardıcıl nümayişləri gerçəkləşdi.
Səhnə əsəri 1981-ci ildə Azərbaycanfilm kinostudiyasında lentə alınmış "Qorxma, mən səninləyəm" (rejissor Yuliy Qusman, bəstəkar Polad Bülbüloğlu) kinosunun motivləri əsasında ərsəyə gəlmişdi.
Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti isə Tamilla Aslanovadı.

Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirdilər.

Tamaşa gözəl tar ifasıyla başladı. Ardınca "Qorxma, mən səninləyəm!" filmindəki saundreklər, o cümlədən Polad Bülbüloğlunun mahnıları ilə seyrcilərə nostalji hislər bəxş etdi. Tamaşa filmlə paralellik təşkil etməklə yanaşı, ekran əsərinin necə yaranması, keçdiyi yollar, çəkiliş zamanı aktyorların başına gələn maraqlı hadisələrdən də söhbət açılırdı. Səhnədə Yuliy Qusmanı akyor Emil Heydərov, Polad Bülbüloğlunu və sənətkarın filmdə canlandırdığı obrazı isə Nicat Əli oynayırdı. Hər 2 aktyor səhnədə məharətlərini yaxşı göstərdilər. Bir sözlə, bravo! Mehriban Zaliyeva ilə Orxan Əliyev filmdəki mahnıları o qədər gözəl ifa etdilər ki, tamaşaçılar onları bir neçə dəfə alqışladılar. Tamaşanın quruluşçu-rejissoru ilə baş rəssamının zəhməti səhnədə aydın görünürdü. Bu, Polad Bülbüloğlunun şəxsi mənzilində piyano arxasında ifa edərkən və Boris Qrafkinin Don Kixot obrazında peyda olması anında daha çox nəzərə çarpdı. Şövqi Hüseynov Qaçaq Cəfər obrazını o qədər gözəl canlandırdı ki, demək olar rəhmətlik Həsən Turabovun yaratdığı obrazdan heç fərqlənmirdi, həmçinin İlham Namiq Kamal Fərzəli bəyi oynayarkən Mirzə Babayevi təkrarladı. Xalq artisti Sərxan Sərxanın tamaşada ispanca mahnı ifa etməsi də zalda əyləşənlərdən gurultulu alqışlar qopardı.

Yubiley tamaşada Yuliy Qusmanın Azərbaycanda 1968-ci ildə "KVN" qrupunun təməlini qoyması, həmçinin XX əsrin sonunda "Planet parni iz Baku"nun Rusiyanı fəth etməsi barəsində xüsusi vurğulandı, həmçinin Anar Məmmədxanovun yad edilməsi də xoş oldu. Nə qədər soyuqqanlı insan olsam da, XXI yüzillikdə vaxtsız köçən simalarımız arasında Anar Məmmədxanovun adı gələndə həmişə kədərlənirəm. Bu məqamda musiqimizin canlı əfsanəsi Fərhad Bədəlbəylinin mərhum şəxsiyyətimiz haqqında dediyi sözləri qeyd etməyi özümə borc bilirəm:

"Anar Məmmədxanov müstəqil Azərbaycanın ən parlaq gənc simalarından biri idi".

"Qorxma, biz səninləyik" tamaşasında rejissor işinə, musiqiçilərin gözəl ifalarına, aktyorların məharətlərinə və balet artistlərinin rəqs kompozisiyalarını nümayiş etdirmələrinə söz ola bilməzdi. Tamaşa gözəl idi.

Amma düşünürəm ki, bu məqamda bir məsələni xüsusi vurğulamalıyam. Yuliy Moiseyeviç Qusman Bakıda bir yəhudi ailəsində dünyaya gəlib. Elə küləkli paytaxtımızda təhsil alıb. Sonra böyük ittifaqın baş kəndində karyera pillələrində ucalıb. İstər Rusiyada, istər keçmiş postsovet ölkələrində, istərsə də İsraildə Yuliy Qusmanı sevənlər çoxdu. Amma heç bir dövlətdə, xalqda sənətkara Azərbaycandakı qədər xüsusi sevgi, qayğı yoxdu. Bu məmləkətimizdə etnik, irqi, milli zəmində diskriminasiyaların olmadığının göstəricisidi. Halbuki, mədəniyətinə böyük hörmət etdiyim Rusiyada yeri gələndə "Moskva dlya moskviçey, "Rossiya dlya ruskix" şüarı altında etnik rus olmayanlara qarşı diskriminasiya halları baş verir. Təbii ki, bu ifadəm rus xalqına, şimal qonşumuza qarşı nifrət bəslənməsi üçün vurğulamıram. Amma reallıq odur ki, rus ziyalıları arasında da yuxarıda qeyd etdiyim şüarlarla yaşayanlar yetəri qədərdi. Həmçinin bu gün İsraildə də "biz yəhudilər yer üzündə hamıdan üstünük, yerdə qalanlar isə insan cildindəki heyvanlar"dı düşüncəsində olanlar çoxdu. XXI əsrdə yaşamağımıza rəğmən İsrail qanunlarında və məişətlərində faşizm, irqçilik nəin ki, qalıb, hətta artıq dövlət səviyyəsində belə qalxmaqdadı. Bunun nəticəsidi ki, 2 aydan çoxdu Qəzzada qətl olunan 19 minə yaxın dinc sakinin, o cümlədən 5 minə yaxın qadın-uşağı öldürülməsində də sionist-yəhudilərin əməllərini əyani görürük. Yeri gələndə şovinist ruslar ilə faşist ruhlu sionistlər Yuliy Qusmanı sevməyənlər də az deyil. Birincilər sənətkarı etnir rus olmadığına, ikincilər isə onun yəhudilikdən uzaqlaşdığından dolayı gözü götürmür.
Ən əsası Yuliy Qusmanın "mən Bakıda dünyaya göz açıb, burda təhsil almışam, Azərbaycanı da vətənim hesab edirəm" deməsi sənətkarı xalqımızın gözündə ucaldır.

Sözüm odur ki, yalnız Azərbaycanda əsrlərlə hökm sürən stabil tolerantlıq olub. Bunu əksər dövlətlərə də nümunə çəkirik.

Qısası, bu gün Yuliy Qusmana ən böyük dəyər Azərbaycan "Xalq artisti" adına layiq görülməsi, "Şöhrət" və "Şərəf" ordenləriylə təltif edilməsi yox, azərbaycanlıların, əsas da tarixinə, incəsənətinə, mədəniyyətinə bağlı olan soydaşlarımızın sənətkarı sevmələri, filmlərinə, tamaşalarına dönə-dönə baxmalarıdı. Yuliy Qusman mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan şəxsiyyətdi. Nə qədər ki, dünya var, azərbaycanlılar onun filmlərinə baxacaq
Deməli, Yuliq Qusman həmişə yaşayacaq. Yəni ölməzlik, tarixdə qalmaq fəxri adlar, ordenlərlə yox, əməllər və yaradıcılıq sayəsində olur. Sənətkarın 80 illik yubileyi münasibətinə hazırlanan tamaşaya baxarkən zövq almaq və alqışlarla mükafatlandırmaqla iş bitmir. Bu səhnə əsəri həm Rusiyanın şovinist, həm də İsrailin faşist dairələrinə nümunə olmalıdı. Bəli, biz ideal xalq deyilik. Amma biz göstəri, reklam naminə dözümlü də deyilik, xalq olaraq, tolerantıq. Bunu tamaşanın sonunda Polad Bülbüloğlunun Qusman qardaşlarını öpüb, bağrına basmasında da görmək olardı. Odur ki, balaca Azərbaycanın böyük dəyərinə diqqətlə baxıb nümunə götürün!

Yazımı bu cümləmləylə tamamlayıram:

"İrqindən, etnik kimliyindən, dinindən, dilindən asılı olmayaraq, qəlbində, ruhunda Azərbaycan sevgisi olan hər bir kəsə səslənirəm: Qorxmayın, biz də sizinləyik..."

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.30849981307983