Sözüm siqaret çəkənlərədi! - Fəridə Aslanova-Rüstəmova yazır

17:10 06-01-2024 | icon 1022
Sözüm siqaret çəkənlərədi! - Fəridə Aslanova-Rüstəmova yazır

Eşitdim siqaretlərin qiymətlərində artım olub. Düşündüm, bəlkə bu hadisə sizə bir motivasiya ola, o zəhrimarı tərgidəsiniz. Məsələn, bir il öncə qarşıma məqsəd qoyub əvvəlcə drojlu çörəkdən, sonra isə bütün növ çörəklərdən imtina etdim. Ardıncs şəkər tozu və qəndlə vidalaşdım.Çətin oldu, amma bacardım. Sizə əzab-əziyyət verən, beyninizi məşğul edən, zamanınızı sizdən oğurlayan hər nə varsa, siz də imtina edin. İmtina etməyin özü bir mədəniyyətdi. Sosial şəbəkələrdə yazdıqlarım, görünüşüm sizin əsəblərinizə toxunursa, məndən də imtina edin.

Bilirəm, əksəriyyətinizin yaxşıca bəhanəsi var: "Sənin də mənim qədər dərdin olsa, sən də çəkərsən!", "Kişi siqaret çəkər də" və s.

Təbii ki, hər kəsin problemi özünə dağ boyda görünür. Heç kim başqasının bu həyatdan nə çəkdiyini bilməz...

İnanın, düşüncələrinizdən asılıb qalan canlı və ya cansız hədəf, obyekt varsa, istəyir nə ola, xeyri yoxdu. Unutmaq asan bir şey deyil! Siqaret tüstüsü beyni müvəqqəti dumanlandıra bilər, o dumanın içindəki mənfi və ya müsbət qəhrəman yenə də sizdən əl çəkməz!

 

Sözüm siqaret çəkənlərədi! - Fəridə Aslanova-Rüstəmova yazır

Siqaretə nifrət edirəm!
Ailəmdə də çəkilməsinə imkan vermirəm, verməyəcəm də! Elə doğmalarım var ki, belə söhbətlərimdən, ünsiyyətdən sonra bir müddət siqareti tərgidirlər. Təəssüf ki, sonra nəzərimi onların üzərindən çəkən kimi köhnə vərdişlərinə yenidən start verirlər...
Arada düşünürəm ki, kişilər uşaq kimidilər, gərək onlara mütəmadi nəzarət oluna.
Siqaretlərin adları və bahalaşan qiymətlərindən xəbərdaram. Günə bir qutu siqareti göyə püsgürdənlərin ciblərinin bir illik məsrəfini hesablamaq qərarına gəldim.

Aktiv siqaret istifadəçilərinin bir il (365 gün) ərzində nə qədər itirdiklərini hesablayanda adamın başına hava gəlir. Bilirəm, indi özünüzü sığortalamaq üçün yazacaqsınız ki, kiminsə qazancını hesablamaq günahdı. Yaxşı, bəs itirdiklərinizi hesablamaq necə?!

Məsələn:

“Pall Mall” – ın qiyməti 3,1 manatdır, günə bir qutudan çəkilsə, ilə 1131,5 manat edir.

Digər məşhur siqaret brendlərin də isə nəticə belədi:

“Vinston” – 4 manat (1460 manat),
“Sobranie” – 4,5 manat (1642,5 manat),
“Vest” – 2,9 manat (1058,5),
“Prima” – 2,6 manat (949 manat),
“Kent” – 4,2 manat (1533 manat),
“Argo” – 2,4 manat (367,4 manat)
LD – 3,4 manat (1241 manat)

Siqəretlə bağlı olanların həyat yoldaşları və ya övladları onlardan o qədər pulu qəfildən istəsələr, əlləri əsər, ürəkləri gəlməz və müxtəlif bəhanələrlə pulu verməzlər. Amma siqaretə milyonlar xərcləyirlər.

Dama-dama göl olar, axa -axa sel olar!
Qəpik-quruşlarınızı ciblərinizdən asta-asta, usta-usta elə çəkirlər ki, özünüzün də xəbəri olmur. Tüstü-dumanın içində itib-batmısınız, xəbəriniz yoxdur! Tərgidin o zəhrimarı, əgər bacarmırsınızsa, onda yolda-izdə istifadə etməyin! Mən boğuluram. O gün işə tələsirdim, küçələrdən gələn siqaretin qarışıq qoxularından beynim çartladı. Siz buna necə dözürsünüz? Adam tüstüyə pul verər?!

Hələ elektron siqareti demirəm. Qara yola, qara saata, indi qadınlar da çəkirlər. Elə xanım-xatın, elə ağıllı qadınlar siqaret alüdəçiləridilər ki, onlara bu hərəkətləri heç yaraşdırmıram. Yenə də məsləhət özünüzündü. Unutmayın, "Yox!" deməyi bacarmayan kölədi! Siz tüstünün və heçliyin əsirisiniz! Siqaret sizi öz tüstüsündə zindanda saxlayır. Qalın hasarları olmayan o həbsxananın divarları tüstüdəndi. Qaçış mümkündü, lakin siz könüllü məhbussunuz!
Bunları yazdığıma görə mənə dəli də deyə bilərsiniz. Tənqiddən qorxmuram!
Təki siqareti tərgidin! Tərgidə bilmirsinizsə, barı o siqaretin kötüklərini çırtma ilə maşınlardan yerə atmayın! Ətrafımda məni qıcıqlandıran bir çox şeyləri gördükcə, özümü analiz edə bilmirəm ki, görəsən insan olaraq normalam yoxsa anormal?
Bəlkə elə siqaretçəkənlər normaldı? Təəssüf ki, cəmiyyətin gələcək nəsillərə aşıladığı "norma" bu sayaqdı. Orta məktəblərin yuxarı siniflərinin ciyərlərinə yanğınsöndürən lazımdı. Kimdən öyrəniblər? Əlbəttə, sizdən!

Nə isə... Gedim günorta və axşamın xörəyini bişirməyə. Onsuz da həyat belədi, dəyirman öz bildiyini edər, "çax-çax" səsi baş ağrıdar... Mənim "çax -çax"larıma başınızı ağrıtmayın, həyat sizindi. İstədiyiniz qədər özünüzü boğun...

P.S Sirr deyilsə, etiraf da edə bilərsiniz, siqaretə bir il ərzində nə qədər pul xərcləyirsiniz?

Sözüm siqaret çəkənlərədi! - Fəridə Aslanova-Rüstəmova yazır

FƏRİDƏ ASLANOVA-RÜSTƏMOVA


Digər xəbərlər

0.25322604179382