Səttar Möhbalıyev: “Tezliklə Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında böyük yeniliklər olacaq”

18:17 08-01-2024 | icon 1123
Səttar Möhbalıyev: “Tezliklə Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında böyük yeniliklər olacaq”

“Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək
yolunun üzərində yerləşən qədim yurdumuz Naxçıvanda möhtəşəm təntənə yaşanır.
Modern inkişafının yeni dövrünə qədəm qoyan muxtar respublika 100 illik yubileyini
qeyd edir. Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı "Naxçıvan
Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamda
vurğulandığı kimi, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer
tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Bu gün
Naxçıvan bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah
mərhələsi səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda
Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü
islahatların uğurla həyata keçirilməsi ilə muxtar respublikada yeni inkişaf mərhələsinin
başlanması təmin edilib. Dövlət başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"
isə qədim yurdumuzun modern inkişafını şərtləndirən çox mühüm sənəddir. Bu dövlət
proqramının Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirdikdə
aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında
inqilabi yeniliklər olacaq”.
Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyevin “Azərbaycan” qəzetində dərc olunan
“Yüksəlişin Naxçıvan nümunəsi” adlı məqaləsində yer alıb.
“Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11
istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən
edilib. Muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və
proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bu mühüm sənəd hazırkı
mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. Tədbirlər Planına əsasən - Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək, Azad İqtisadi Zona yaradılacaq, vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq, yeni aqro və sənaye parkları yaradılacaq, Batabatda və
Ordubadda Tematik parklar salınacaq, Naxçıvan şəhərində tramvay xətti çəkiləcək, yeni
bərpa olunan enerji (əsasən günəş) stansiyaları, həmçinin istilik elektrik stansiyaları
tikiləcək, UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq
tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək. Əlbəttə ki, bütün bunlar Prezident İlham
Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafının təmin
olunmasına göstərdiyi böyük qayğının və dəstəyin əməli ifadəsidir. Dövlət proqramında
nəzərdə tutulan layihələrin icrası Naxçıvanın modern tərəqqisini təmin edəcək”, -
məqalədə qeyd olunub.
“Tarixi gerçəklik budur ki, Ulu Öndərin Naxçıvandan başlatdığı qurtuluş və inkişaf
missiyasını cənab İlham Əliyev qətiyyətlə, inamla davam etdirərək, Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini tam bərpa etdi. Məhz dahi liderin ilk dəfə Naxçıvanda
qaldırdığı üçrəngli bayrağımız bu gün bütün Azərbaycanın üzərində dalğalanır. Bunu isə
cənab İlham Əliyev Müzəffər Sərkərdə qətiyyəti ilə gerçəkliyə çevirib. Əminliklə deyə
bilərik ki, Prezident İlham Əliyevin Naxçıvanın modern inkişafı naminə hazırladığı
dövlət proqramı 100 illik yubileyini qeyd edən, inkişaf, tərəqqi yolunda inamla irəliləyən
muxtar respublikanın yüksəlişinə müsbət impuls verəcək. Naxçıvan yenə də daha yüksək
inkişaf dinamikasına görə seçiləcək və dövlət proqramına uyğun olaraq yeni istehsal
müəssisələrinin, iri sənaye obyektlərinin, ekoturizm şəbəkəsinin yaradılması, "yaşıl
enerji" istehsalı muxtar respublikanın region ölkələri ilə sıx inteqrasiyasını daha da
dərinləşdirəcək”, - Səttar Möhbalıyev yazıb.


Digər xəbərlər

0.22957420349121