Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

09:51 15-01-2024 | icon 1624
Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Bu müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır.

    Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı son 20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.

     Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu.

   Dövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir.

Ramella İsmayılova

Saatlı şəhər Bülbül adına UMM-nin direktoru

 

 


Digər xəbərlər

0.27347588539124